Press "Enter" to skip to content

Mətbuat Şurası medianı intiharlarla bağlı diqqətli olmağa çağırdı

Toplantıdan görüntü

Son yeniləmə: 20 İyul 2022 20:42

Bayraqdar.info – İyulun 20-də Azərbaycan Mətbuat Şurası “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda toplantı keçirib. Toplantıda son vaxtlar bəzi qüvvələrin bu məsələdən sui-istifadə etdiyi vurğulanıb. Medianın öndə gələn isimlərinin qatıldığı toplantıda qeyd edilib ki, bu cür həssas məsələlərdə diqqətli olmaq medianın əsas vəzifələrindəndir.

Toplantının sonunda iştirakçılar məsələylə bağlı Müraciət qəbul edib. Müraciətin əhəmiyyətini nəzərə alaraq onun tam mətnini təqdim edirik.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda keçirilmiş toplantının iştirakçıları tərəfindən ölkə jurnalistlərinə MÜRACİƏT

İntihar hallarının mediada işıqlandırılması ilə bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadır. Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var.

Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, sanki ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu düşünürük. Hesab edirik ki, jurnalist peşəsinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir.

İstənilən hadisənin işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin təbiətindən irəli gələn xüsusiyyətdir. Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir.

Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önəmini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olayı baxış sayı toplamaq, izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir.

Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimalı böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə zidddir. Biz hər bir media təmsilçisini, hər bir KİV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırırıq. Onu da düşünmək lazımdır ki, insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq potensialına malik təqdimatların hüquqi müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür.

Biz, Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün jurnalistlərini, ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan, fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırırıq. İnanmaq istərdik ki, həmkar təəssübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ təmayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır.

Mission News Theme by Compete Themes.