Son yeniləmə: 20 İyul 2022 14:26
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək.
Bu barədə bayraqdar.info-ya iyulun 20-də Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, seminarlar ümumilikdə aşağıdakı 11 regionu əhatə edəcək:
Şirvan–Salyan: 25–29 iyul
Lənkəran–Astara: 25–29 iyul
Mil-Muğan: 25–29 iyul
Dağlıq Şirvan: 25–29 iyul
Quba–Xaçmaz: 25–29 iyul
Mərkəzi Aran: 1–5 avqust
Gəncə–Daşkəsən: 1–5 avqust
Şəki–Zaqatala: 1–5 avqust
Qazax–Tovuz: 1–5 avqust
Abşeron–Xızı: 1–5 avqust
Qarabağ: 1–5 avqust
Məlumata əsasən, seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək: “Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak edə bilərlər. İştirak etmək istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına müraciət edə və ya 055-659-28-23 nömrəsi ilə əlaqə saxlaya bilərlər”.