Press "Enter" to skip to content

İntiharla bağlı xəbərlərin geniş tirajlanması narahatlıq doğurur

Görüş zamanı

Bayraqdar.info – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən bir qrup QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya iyulun 20-də QHT Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son günlər media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş yayılması məqsədilə təşkil edilən görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı, media sahəsində fəaliyyət göstərən QHT-lər iştirak ediblər: “Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktorunun müavini E.Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib. Müşahidə Şurasının üzvü İ.İsgəndərov çıxış edərək bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir”.

Məlumata əsasən, daha sonra çıxış edən QHT nümayəndələri mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər: “QHT nümayəndələri bildiriblər ki, hadisələr bizim hər birimizi narahat edir. Ailədaxili münasibətlər, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər dövlətin diqqəti altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır”.

Çıxışlardan sonra mövzu qarşılıqlı diskussiya əsasında davam edib.

Tədbirin yekunu olaraq mövzu ilə bağlı bəyanat səsləndirilərək, qəbul edilib.

Mission News Theme by Compete Themes.