Press "Enter" to skip to content

Daha bir əməkdaşlıq Memorandumu

Memorandumun imzalanması zamanı

Dərya Yanıkın DOST Agentliyinə gəlişi qurumun 1 milyonuncu vətəndaşına xidməti ilə üst-üstə düşüb

Bayraqdar.info – Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya iyulun 20-də verilən məlumata görə, qonaqlar 1 saylı DOST mərkəzilə tanış olub: “Onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanmışdır”.

Sahil Babayev Derya Yanıka DOST Agentiyinin fəaliyyəti barədə məlumat verir
Sahil Babayev Derya Yanıka DOST Agentiyinin fəaliyyəti barədə məlumat verir

Tanışlıq zamanı diqqətə çatdırılıb ki, mərkəzlərdə vətəndaşlara əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya və s. üzrə 154 növ xidmət göstərilir: “Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur və xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdir. 5 DOST mərkəzində 6ayda 313 min şəxsə, indiyədək 1 milyon şəxsə xidmət göstərilib. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi qonaqların diqqətinə çatdırılıb”.

Məlumata əsasən, qardaş ölkənin ailə və sosial xidmətlər naziri D.Yanıkın DOST Agentliyinə gəlişi qurumun 1 milyonuncu vətəndaşına xidməti ilə üst-üstə düşüb: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqla birlikdə DOST xidmətlərindən yararlanan 1 milyonuncu şəxsi – Ələkbərova Nisəxanım İzzətulla qızını təbrik edib, ona təşəkkürnamə və hədiyyələr təqdim ediblər. DOST-a müraciət edən milyonuncu vətəndaş yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiyaya keçmək üçün müraciət edib və qısa müddət ərzində müraciəti müsbət cavablandırılıb. N.Ələkbərova DOST mərkəzində göstərilən operativ və şəffaf xidmətdən razı qaldığını deyib, təşəkkürünü bildirib”.

Derya Yanık və DOST xidmətlərindən yararlanan 1 milyonuncu şəxs – Nisəxanım Ələkbərova
Derya Yanık və DOST xidmətlərindən yararlanan 1 milyonuncu şəxs – Nisəxanım Ələkbərova

Sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi S.Babayev və D.Yanık imzalayıblar: “Anlaşma Memorandumunun məqsədi əlilliyi olan şəxs və ahılların, uşaq və qadınların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələrinin sosial rifahının təmin olunması üçün layihələr işləyib hazırlamaq, bilik, təcrübə və ən yaxşı tətbiq nümunələrini paylaşmaq, uşaqların qorunması xidmətlərini təkmilləşdirmək, ailələrə, əlilliyi olan şəxslərə, yaşlılara və uşaqlara göstərilən sosial xidmətlərin səmərəliliyini inkişaf etdirmək və artırmaqdan ibarətdir”.

Mission News Theme by Compete Themes.