Bayraqdar.info – Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Bu barədə bayraqdar.info-ya iyulun 20-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, nazirlik tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar: “Sosial islahatlara uyğun olaraq gözdən əlilliyi olanların sosial ödənişlərinin də məbləği ötən dövrdə dəfələrlə artırılıb, onlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Nazirliyin sifarişləri əsasında icra olunan layihələrlə bu kateqoriyadan olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir”.
O da bildirilib ki, gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilir: “Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib. Son iki ildə 400-dək görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması davam etdirilir.