Press "Enter" to skip to content

Azərbaycanlı gənc 12 universitet, 25 min dollarlıq təqaüd qazandı

Omar Aşurbəyov

Son yeniləmə: 20 İyul 2022 17:59

Azərbaycanlı gənc oxumaq haqqı qazandığı 12 ABŞ universiteti arasından Illinois Tech Universitetini seçib

Bayraqdar.info – Ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr göstərən azərbaycanlı gənclər arasında beynəlxalq arenada uğur qazananlar da var. Bunlardan biri də Aşurbəyov Omar Əfrasim oğludur.

2005-ci ildə Bakı şəhərində anadan olan Omar bir neçə orta məktəbdə təhsil alsa da, Binəqədi rayonu 276 saylı məktəbin məzunu kimi orta təhsilini başa vurub.

Omar məktəbdə daim uğurları ilə fərqlənən şagird olub. Orta məktəbdə oxuyan vaxt hər zaman birincilik əldə edib. İngiltərə və Almaniyada beynəlxalq dil kurslarında iştirak edib. Uşaq yaşlarından şahmat və basketbolla ciddi məşğul olub və birincilik qazanıb.

Omar Aşurbəyov deyib ki, Illinois Tech ABŞ-ın 10 ən yaxşı universitetindən biridir
Omar Aşurbəyov deyib ki, Illinois Tech ABŞ-ın 10 ən yaxşı universitetindən biridir

Onu da qeyd edək ki, ingilis, rus, alman dillərini bilən Omarın kompyuter elmlərinə xüsusi marağı var. Kompyuter sahəsində beynəlxalq STEP akademiyanın məzunudur. Məhz buna görə ali məktəbə sənəd verərkən bu ixtisası seçib.

Qəbul imtahanları zamanı yalnız xarici ölkə universitetlərinə sənəd verən müsahibimiz deyib ki, göstərdiyi nəticəyə əsasən ABŞ-ın 12 universitetindən müsbət cavab alıb: “Bunlar Michigan, Illinois Tech, South Florida, UMass Lowell, Arizona May, Rochester Tech Feb 1, Washington, Washington State, New York Institute of Technology (NYIT), Michigan State, Georgia State, Central Florida universitetləri idi. Mən bunların içərisində Illinois Tech Universitetinin üzərində dayandım. Bunun da səbəbi var. Illinois Tech ABŞ-ın 10 ən yaxşı universitetindən biridir. ABŞ bu təhsil ocağında aparılan tədqiqatlara görə külli miqdarda maliyyə ayırır. Eyni zamanda bu ali təhsil ocağı sırf kompyuter elmləri sahəsində ixtisaslaşıb və Çikaqo Ştatında yerləşir”.

Qeyd edək ki, Omar bu seçimlə həmçinin 25 min dollar təqaüd almaq şansı əldə edib.

Omar bildirib ki, qazandığı uğurlara görə ilk olaraq həyatda hər zaman ona dəstək olan atası – polkovnik-leytenant Əfrasim Aşurbəyova borcludur: “Hazırda Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsi Rabitə şöbəsinin rəisi işləyən atam hər zaman mənə dəstək olub. Hər bir uğuruma o, məndən də çox sevinib”.

Sonda onu da əlavə edək ki, övladlarının uğuruna görə sevinc və qürur hissi keçirən valideynlər Omarın bacarıqlı bir mütəxəssis kimi yetişərək Azərbaycanda kompyuter elminin inkişafında önəmli rol oyanayacağına inanırlar.

Mission News Theme by Compete Themes.