Press "Enter" to skip to content

“Altılı masa”nın namizədi Abdullah Gül ola bilər

Hasan Öztürk

Son yeniləmə: 19 İyul 2022 15:40

Bayraqdar.info – “Bildiyiniz kimi, Türkiyədə seçkilərlə bağlı bir canlanma var. Lakin indiki halda müxalifətin cəmləşdiyi “altılı masa”nın seçkilərdə vahid namizədlə iştirak etməsi çox çətin görünür. Bunun da bir sıra səbəbləri var”.

Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke TV”nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

Türkiyə müxalifətinin gözlənilən seçki ərəfəsindəki durumunu bayraqdar.info üçün dəyərləndirən H.Öztürk çox maraqlı fikirlər səsləndirib.

Kemal Kılıçdaroğlu kimsəyə güzəştə getmək istəmir

O, bildirib ki, hazırda “altılı masa”nın seçkilərdə vahid namizədlə iştirak etməsini əngəlləyən əsas səbəb CHP genel başqanı Kemal Kılıçdaroğlunun bu məsələdə kimsəyə güzəştə getmək niyyətində olmamasıdır: “K.Kılıçdaroğlu gözlənilən seçkidə prezidentliyə namizəd olmaqda çox iddialı və qərarlı görünür. Lakin hazırda “altılı masa”da onun namizədliyini dəstəkləyən digər bir genel başqan yoxdur. Nə İyi Parti genel başqanı Meral Akşener, nə Saadet Partisinın genel başqanı Temel Karamollaoğlu, nə də digər kiçik partiyaların genel başqanları bu məsələdə K.Kılıçdaroğlunun lehinə hər hansı bir fikir səsləndirmirlər”.

Ne Ekrem İmamoğlu, nə də Mansur Yavaş…

Müsahibimiz qeyd edib ki, CHP ilə bağlı başqa bir məqam da var: “Belə ki, seçkiqabağı sorğu anketlərində İstanbul Büyükşehir Bələdiyyə başqanı Ekrem İmamoğlu ilə Ankara Büyükşehir Bələdiyyə başqanı Mansur Yavaşın adları önə çıxmışdı. Ancaq onların hər hansı birinin namizədliyi ilə bağlı da hazırda “altılı masa”da fikir birliyi yoxdur. “Altılı masa”nı kənardan dəstəkləyən HDP-nin keçmiş həmsədri, hazırda Edirne həbsxanasında olan Selahettin Demirtaş daha öncə yalnız bir nəfərin lehinə öz namizədliyini geri çəkə biləcəyini açıqlamışdı. O da Ekrem İmamoğlu idi. Amma əvvəlki anketlərdə də önə çıxan E.İmamoğlunun namizəd ola biləcəyi sual altındadır. Belə ki, K.Kılıçdaroğlunun “bizim bələdiyyə başqanlarımız bələdiyyə başqanlığı etsin” açıqlaması, əslində, partiyanın E.İmamoğlunun namizədliyini dəstəkləməyəcəyi anlamına gəlirdi. Məhz bu açıqlamadan sonra onun namizədliyi məsələsi arxa plana keçdi. M.Yavaşa gəlincə, onun da İyi Parti genel başqanı M.Akşener tərəfindən istənmədiyinə dair fikirlər səslənir”.

Müxalifət üçün vahid namizədi xarici güclər müəyyən edəcək

H.Öztürk deyib ki, belə bir durumda “Millet İttifakı”nın, yaxud da “altılı masa”nın seçkilərdə vahid namizədlə iştirakı çox çətin ola bilər: “Amma təbii ki, burada bəzi məqamları da diqqətdən qaçırmaq olmaz. Xatırladım ki, ABŞ Prezidenti Co Bayden seçkidən öncə Recep Tayyip Erdoğanı devirmək üçün müxalifəti dəstəkləyəcəklərini açıqlamışdı. Bu açıqlamanı unutmamalıyıq. Eyni zamanda Türkiyədə ilk dəfə Cümhurbaşqanının xalq tərəfindən seçildiyi seçki zamanı R.T.Erdoğanın qarşısına namizəd olaraq çıxarılan Ekmeleddin İhsanoğlunun hansı güclər tərəfindən müxalifətə təqdim edildiyini də yaddan çıxarmamalıyıq. Bu iki məqamı nəzərə alaraq, düşünürəm ki, “altılı masa”nın namizədi kimi yenə də hansısa bir şəxs kənardan, xarici güclər tərəfindən təqdim edilə bilər. Həmin şəxs kim olursa-olsun “altılı masa”da təmsil olunan bütün partiyalar onun namizədləyini dəstəkləyəcəklər”.

Açıqlamanın daha bir ilginc tərəfi isə həmin namizədin kim ola bilməsi ilə bağlıdır: “Bu namizəd sağ düşərgədən, o cümlədən mühafizəkar dindar kəsimdən səs ala biləcək biri olmalıdır. O zaman kənar güclər tərəfindən prezidentliyə namizəd kimi “altılı masa”ya təqdim ediləcək bu şəxs keçmiş Cümhurbaşqanı Abdullah Gül, yaxud da ona bənzər birisi ola bilər. Amma bütün hallarda hər dəqiqənin bir hökmü var. Süleyman Demirelin “24 saat belə siyasətdə uzun zamandır” sözlərini də xatırlamaqda fayda var. Yəni hələ seçkilərlə bağlı tam qərar verilməyib. Ona görə də “altılı masa”, yaxud “Millet İttifakı”nın namizəd məsələsində hələ çox götür-qoy edəcəyi mümkündür. Müxalifətin bu qərarsızlığı fonunda isə iqtidarın durumu bəllidir. Yəni “Cümhur İttifakı”nın prezidentliyə namizədi bəllidir. Bu, Cümhurbaşqanı Recep Tayyip Erdoğandır”.

Mission News Theme by Compete Themes.