Son yeniləmə: 19 İyul 2022 17:19
Yeganə Hacıyeva: Azərbaycan qısa və uzun müddətli çevik siyasi-iqtisadi strategiya ilə uğurlu addımlar atdı
Bayraqdar.info – “Son illərin dünya iqtisadiyyatının inkişaf mərhələsinin vacib elementlərindən biri beynəlxalq səviyyədə iqtisadi imkanların, resursların siyasi, hərbi üsullarla bölüşdürülməsi tendensiyası oldu. Bu kontekstdə isə biz qlobal səviyyədə bazarların iqtisadi qanunlara zidd olaraq siyasi qanunlara getdikcə daha çox itaət etməsi trendini müşahidə etdik”.
Bunu bayarqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə idarə olunan mövcud gərgin vəziyyətin qlobal iqtisadiyyata neqativ təsiri fonunda davam edən böhranın qısa bir zaman kəsiyi üçün neftin qiymətini yarıya qədər ucuzlaşdırması qlobal iqtisadi həyata siyasi qərarların təsirinin təzahürü idi: “Bu gün bütün dünyada diğər böhranlar məhz bu qərarın fəsadlarıdır. Onu da qeyd etmək lazımdır ki, məhz bu proseslər neft ixracatçısı olan ölkələrin hökümətləri üçün səmərəli iqtisadi, sosial və aqrar sahənin inkşafına təkan verəcək çevik və effektiv iqtisadi siyasətin yürüdülməsi faktı ilə üz üzə qoydu”.
Politoloq bildirib ki, əslundə, bu dövr həm də idarəçiliyin keyfiyyətinin dəyərləndirilməsi üçün bir sınaq, bir imkan oldu: “Azərbaycan bu çətin dövrü mövcud və prespektiv imkanlar baxımından dəyərləndirməklə qısa müddətli və uzun müddətli çevik siyasi-iqtisadi strategiya ilə uğurlu addımlar atdı”.
Ukraynada hərbi əməliyyatların qlobal səviyyədə dəyişən logistik mənzərəni daha da dəyişdiyini deyən Y.Hacıyeva qeyd edib ki, onsuz da son illər Qərb üçün Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri cazibədar idi: “Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu – Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşrutu əlverişli idi. Yeni şərtlərdə isə Azərbaycan Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyasından kənarda, Yaxın Şərq və Mərkəzi Asiya da daxil olmaqla Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionda həyata keçilirən və nəzərdə tutulan layihələrdə strateji bənddir”.
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə toxunulan məqamlardan birinin də məhz nəqliyyat-logistika sahəsində Azərbaycanın əhəmiyyətinin artması, ölkəmizin transit imkanlarının yüksəldilməsi ilə bağlı olduğunu deyən politoloq daha sonra bildirib: “Cənab Prezidentin müşavirədə bəyan etdiyi kimi, energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Məsələn, bu ilin 5 ayının nəticələrinə əsasən, 30 faiz artım çox böyük rəqəmdir. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Azərbaycanın coğrafi mövqeyi və yaradılmış infrastruktur imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük”.
“Onu da qeyd edim ki, son illərdə Azərbaycan və Avropa Birliyi arasında işlənən strateji sazişin bəndləri çərçivəsində, nəqliyyat sahəsində yeni dialoq başlanmışdı. İstər Azərbaycan, istər AB iki optimal nəqliyyat tranziti və bu tranzit boyu infrastrukturun bərpası və yenilənməsi şərtləri üzərində işlədi. Başqa bir məqam da odur ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə tranzit imkanlarımız artıb və biz Zəngəzur dəhlizini öz mövcud logistik imkanlarımıza qatıb regionda dayanıqlı sülh və sabitliyi təmin edəcəyik”, – deyə Y.Hacıyeva sonda əlavə edib.