Press "Enter" to skip to content

Quzey Makedoniya üçün tarixi gün

Quzey Makedoniya Avropa Birliyi ilə danışıqlara başlamağın sevincini yaşayır

Son yeniləmə: 19 İyul 2022 13:28

Elvin Hasan: Avropa Birliyi ilə üzvlük müzakirələrinə başlayırıq

Bayraqdar.info – “Quzey Makedoniya ilə Bolqarıstan arasında tarixi bir problem mövcuddur. Buna görə də Bolqarıstan Avropa Birliyinin (AB) üzvü olaraq bizim bu quruma üzv olmağımız üçün müzakirələr aparmağımıza veto qoyub. İyunun 30-da Fransa Quzey Makedoniya hökumətinə bir təklif təqdim etmişdi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Quzey Makedoniyanın sabiq naziri, hazırda informasya və idaəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyasının Mərkəzi Yönetim Kurulunun üzvü olan Elvin Hasan deyib.

Azərbaycan Quzey Makedoniyadakı türklər üçün qardaş ölkədir

Quzey Makedoniyanın Avropa Birliyinə üzvlüklə bağlı müzakirələrin başlanması yolunda cərəyan edən son prosesləri dəyərləndirən E.Hasan bildirib ki, bu təklif parlamentdə müzakirə edildi: “Bu müzakirə başlandığı gündən parlamentin, Xarici İşlər Nazirliyinin və Nazirlər Kabinetinin önündə etiraz aksiyaları başlamışdı. Bu etirazçılar əsasən müxalifət cəbhəsindən olanlar, ən böyük müxalifət partiyası olan VMRO-DPMNE və bəzi digər kiçik, xüsusilə də sağ partiyaların dəstəkçiləri idi. Onlar hökuməti guya “bolqarlaşdırmaqda” günahlandıraraq xalqı küçələrə çağırmışdılar. Təəsüflər olsun ki, ölkəmizdə üzücü olaylar da yaşandı. Etirazçılar polisə müqavimət göstərdi və 40-dan çox polis yaralandı. Ancaq iyulun 16-da Quzey Makedoniya parlamenti Fransanın təklifini qəbul etdi. Sənədə 68 deputat dəstək verdi. Müxalifəti təmsil edən deputatalar isə etiraz olaraq səsvermədən öncə iclas zalını tərk etdilər”.

Müsahibimiz qeyd edib ki, təklif Quzey Makedoniya ilə Bolqarıstan arasındakı problemlərin həlli üçün ortaq komissiyanın yaradılması və müzakirələrin aparılmasını nəzərdə tutur: “Lakin bu zaman Makedon kimliyinə və dilinə, mədəniyyətinə əsla hər hansı bir zərər gəlməyəcək. Yəni Bolqarıstanla müzakirələrdə bu məsələlərə qətiyyən toxunulmayacaq. Biz də Türk Hərəkat Partiyası olaraq koalisiya ortağı olduğumuz Sosial Demokratlar Birliyi ilə birlikdə Fransanın təklifinə dəstək verdik. Ümumiyyətlə başdan etibarən biz bu məsələdə dəstəyimizi göstərdik”.

E.Hasan bildirib ki, Quzey Makedoniyanın müstəqilliyindən bu günə, daha doğrusu 1993-cü ildən bəri iki strateji hədəfi olub: “NATO-ya və Avropa Birliyinə üzvlük. Birinci məsələ öz həllini tapıb. İndi sırada AB üzvlüyüdür. Bu istiqamətdə də mühüm addım atıldı. Fransanın təklifinin qəbul edilməsindən sonra Bolqarıstanla bir protokol imzalandı. Bu sənəd əsasında da müzakirələrimiz davam edəcək. Bizim üçün çox önəmli olan iyulun 19-da Brüsseldə Avropa Birliyi Komissiyası ilə Quzey Makedoniya arasında hökumətlərarası konfrans keçiriləcək. Bu da o deməkdir ki, bu gün Quzey Makedoniya üçün tarixi bir gündür və AB ilə üzvlük müzakirələrinə başlayırıq. Türk Hərəkət Partiyasının MK üzvü və Gənclik Kolları başqanı, Quzey Makedoniyanın Azlıqlar Agentliyinin müdiri Eran Kurtişin də heyətdə yer alması bizi çox sevindirir. Yəni Quzey Makedoniyada yaşayan türk toplumu üçün də bu, çox önəmli bir qərardır. AB üzvlüyünə qəbul olunmaq bizim daha sürətli inkişafımız, irəliyə doğru addımlamağımız, insanların sosial rifah halının artması deməkdir. Bolqarıstanla danışıqların uğurlu alınması da iqtisadi inkişafa təkan verəcək”.

Mission News Theme by Compete Themes.