Press "Enter" to skip to content

İkinci “YAŞAT” düşərgəsinin növbəti həftəsi

2-ci həftənin açılış mərasimi

Bayraqdar.info – “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin 2-ci həftəsi başlayıb.

Bu barədə bayraqdar.info-ya iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq açılış mərasimində iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib: “Sonra uşaqlar oyun parkında əyləncəli vaxt keçiriblər. Günə stolüstü idman oyunları üzrə yekun vurulub”.

Qeyd edilib ki, iyulun 4-dən başlayan və avqustun sonuna qədər reallaşdırılacaq altı düşərgə ümumilikdə 300-dək uşağı əhatə edəcək: “Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, tamaşa qurmaq, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə beş gecə altı günü əhatə edəcək. Düşərgə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək. Düşərgələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən təlimlər, “Hackathon”, habelə digər yarışlar və görüşlərin də keçirilməsi nəzərdə tutulub”.

Məlumata əsasən hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək: “Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar”.

Mission News Theme by Compete Themes.