Son yeniləmə: 19 İyul 2022 09:01
Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun energetika sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar açdığı vurğulanıb.
Qeyd edilib ki, tədbirdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, dekarbonizasiya, enerji keçidi, hidrogen də daxil olmaqla bərpa olunan enerji, enerji səmərəlilyi, elektrik enerjisi, “yaşıl enerji” texnologiyaları sahələrində əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Bərpa olunan mənbələrdən istehsal olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyası, dənizdə külək enerjisi, hidrogen iqtisadiyyatı, karbon ticarəti, istixana qazları emissiyalarının azaldılması kimi sahələrdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb: “Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Yaşıl Enerji Zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilib, bərpa olunan enerji, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihələrinə və Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanlarının, bununla yanaşı Azərbaycandan Avropaya hidrogen ixracı potensialının araşdırılması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.
Məlumata əsasən, enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin Azərbaycan-Aİ enerji dialoqu mexanizmi çərçivəsində davam etdirilməsi razılaşdırılıb.