Bayraqdar.info – İyulun 19-da Prezident İlham Əliyev qardaş Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Qonaq Azərbaycan Prezidentinə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını çatdırıb.
İ.Əliyev də öz növbəsində buna görə minnətdarlıq edib, qardaş dövlətin başçısına salam göndərib.
“Dövlətimizin başçısı 15 İyul – Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Recep Tayyip Erdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirdi və vurğuladı ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir”, – deyə xəbərdə bildirilir.
Qonaq da öz növbəsində xoş sözlərə görə minnətdarlıq edərək Prezident İ.Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini vurğulayıb.
Xəbərdə daha sonra deyilir ki, “dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını dedi. Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır”.
Görüş zamanı İ.Əliyev Türkiyə Cümhurbaşqanı ilə birlikdə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini də deyib.