Son yeniləmə: 19 İyul 2022 12:59
Hulusi Kılıç: Avropa Birliyinin Orta Asiya türk dövlətləri ilə məhz Azərbaycan vasitəsilə əməkdaşlıq qurmaq istəməsi təsadüfi deyil
Bayraqdar.info – “İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Layen Azərbaycana rəsmi səfər etdi. Səfər zamanı Azərbaycan ilə Avropa Birliyi arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa Birliyi arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Cənab Prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında xanım Ursula fon der Layen önəmlli açıqlamalar verdi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Onun sözlərinə görə, mətbuat konfransında o, səfərin və müzakirələrin son dərəcədə əlverşli keçdiyini bəyan etdi: “Əvvəla Ursula fon der Layen Azərbaycanla AB arasında regionda əməkdaşlığın güclü olduğunu, qurumla Azərbaycanın iqtisadi sahədə önəmli müttəfiq olduqlarını və Azərbaycana 2024-cü ilə qədər investisiyaların həcminin 2 miyard avroya qədər artıracaqlarını dedi. “Güclü iqtisadi əməkdaşlığımız var” dedi. Avropa Birliyinin Azərbaycandakı 500 kiçik və orta şirkətə dəstək verəcəyini söylədi. Bu addımların Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində atılacağı bəyan edildi”.
H.Kılıç deyib ki, Avropa Komissiyası Prezidentinin bir fikri xüsusilə diqqətə cəlb edib: “Ursula fon der Layen Azərbaycan vasitəsilə Qafqaz ölkələri ilə əlaqlərin gücləndiriləcəyini vurğuladı. O, həmçinin məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirib. Bu da təsadüfi deyil. Əvvəla, Azərbaycan bölgədə parlayan bir ulduz olaraq dəyərləndirilir. Avropa Birliyi Azərbaycanı bütün bir regionun, yəni Orta Asiya və Qafqaz regionunun mərkəzi dövləti kimi görür. Ona görə də Ursula fon der Layen məhz “Azərbaycan vasitəsilə” kəlməsini işlədib ki, bunun da səbəbini yuxarıda qeyd etdik. Yəni o, açıq kontekstdə işarə edib ki, biz Azərbaycan vasitəsilə Orta Asiya türk dövlətləri ilə əlaqə qura bilərik”.
Müsahibimiz vurğulayıb ki, bu olduqca önəmli məsələdir: “Əvvəla ona görə ki, Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra Avropa bir qaz böhranını yaşamaqdadır. Avropa Rusiyadan alınan qazın miqdarını azaltmaq üçün Azərbaycana böyük önəm verir. Azərbaycanla qaz sahəsində əməkdaşlıq etmək istəyirlər. Avropa Birliyi 2027-ci ilə qədər Azərbaycandan aldığı qazın həcmini iki dəfə artırmaq istəyir. Buna görə də Avropa Birliyi baxımından Azərbaycan çox-çox önəm kəsb edir. Mən bu məqamda cənab Prezidentin aşağıdakı sözlərini xatırlatmaq istəyirəm. O, deyirdi ki, öncə iqtisadi gücümüzü artıracağıq. İqtisadi gücümüz artarsa siyasi, hərbi gücümüz də artacaq. Cənab Prezidentin dediyi kimi də oldu. Azərbaycan iqtisadi gücünü artırdı və dünyada özünə mövqe qazandı. İqtisadi gücü artınca siyasi və hərbi gücü də artdı. Biz bunu 44 günlük Vətən müharibəsi və ondan sonra dünyanın, o cümlədən Avropa Birliyinin Azərbaycana yanaşmasında da açıq şəkildə gördük. Bu gün bütün Avropa ölkələri Azərbaycana böyük dəyər verməkdədir. Dolayısı ilə Azərbaycan bölgənin ulduz ölkəsidir”.
H.Kılıç bildirib ki, ikinci məqam da bir növ birinci ilə bağlıdır: “Avropa Birliyi digər ölkələrlə əməkdaşlığı məhz Azərbaycan vasitəsilə qurmaq istəyir. Təbii ki, Avropa Birliyinin Orta Asiya türk dövlətləri ilə məhz Azərbaycan vasitəsilə əməkdaşlıq qurmaq istəməsi də təsadüfi deyil. Hesab edirəm ki, burada türk dünyasının inteqrasiyası məsələsində Azərbaycanın oynadığı aparıcı rol da mühüm rol oynayır. Yəni belə demək mümkündürsə, Avropa Birliyi həm Türk Dövlətləri Təşkilatı reallığını, həm də Azərbaycanın bu qurum daxilində aparıcı iki dövlətdən biri olması faktını qəbul edir”.