Bayraqdar.info – 2021-2022-ci tədris ilində 500-ə yaxın ümumtəhsil müəssisəsində summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.
Bu barədə bayraqdar.info-ya iyulun 18-də Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilkin mərhələdə ötən tədris ilinin I yarımilində seçilmiş 40 ümumi təhsil müəssisəsinin V, VI, VII və VIII siniflərində tədris dili, riyaziyyat və xarici dil fənləri olmaqla böyük summativ qiymətləndirmə rəqəmsal formada keçirilib. I yarımildə qiymətləndirmə prosesində seçilmiş müəssisələr üzrə 16 min 489 şagird iştirak edib.
Məlumata əsasən, 2021-2022-ci tədris ilinin ikinci yarımili ərzində seçilmiş 40 ümumtəhsil müəssisəsinə kiçik summativ qiymətləndirmələrin könüllü əsasda rəqəmsal formada təşkili üçün göstəriş verilib, bundan sonra ölkə üzrə bütün ümumtəhsil müəssisələrinə summativ qiymətləndirmələrin texniki təminat və internet olduğu təqdirdə rəqəmsal formada keçirilməsinə dair təlimat məktubu göndərilib: “Nəticədə II yarımildə 500-ə yaxın ümumi təhsil müəssisəsinin 20 mindən çox şagirdi rəqəmsal summativ qiymətləndirmədə iştirak edib. Rəqəmsal qiymətləndirmənin ölkə üzrə təşkilinə dair ümumi vəziyyət qiymətləndirilib və aparılan təhlillər göstərib ki, qiymətləndirmə prosesinin rəqəmsal təşkil edilməsi çevik hesabatlılığın təmini üçün əlverişli şərait yaradıb”.
Qeyd edilib ki, rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir: “Rəqəmsal qiymətləndirmə “Virtual məktəb” platforması üzərindən aparılır. Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etmiş olur”.
Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır: “Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir. Növbəti tədris ilindən rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək”.