Press "Enter" to skip to content

Qarabağda erməni silahlıların qalması həm də Rusiyanın məsuliyyətidir

İlham İsmayıl

Son yeniləmə: 18 İyul 2022 15:00

İlham İsmayıl: Prezident xüsusi vurğuladı ki, əgər belə olacaqsa biz nə edəcəyimizi bilirik

Bayraqdar.info – “Cənab Prezidentin müşavirədə diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı idi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının çıxışına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, dövlət başçısının nitqindəki bu məqamlar çox diqqətçəkən idi: “Ona görə ki, o məsələlər Azərbaycan cəmiyyətini də narahat edir. Hətta o narahatlıq bəzən gərginlik formasına keçir. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə Ermənistan silahlı qüvvələrinin hələ də mövcud olması barədə xüsusilə cənab Prezidentin dedikləri çox diqqətəlayiqdir. Yəni cənab Prezident bildirdi ki, Ermənistan öz üzərinə öhdəliklər götürüb və bu öhdəliklər 10 noyabr 2020-ci il Bəyanatında açıq göstərilib. Həmin Bəyanatın 4-cü bəndinin hələ də yerinə yetirilmədiyi xüsusi vurğulandı”.

Ekspert bildirib ki, dövlət başçısı çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılıb-çıxarılmayacağı məsələsini kəskin şəkildə qoydu: “Bildirildi ki, əgər Ermənistan buna əməl etməyəcəksə biz bunu bilməliyik. Bu o deməkdir ki, əgər siz bunu xoşluqla etməyəcəksinizsə, bunu məcburən edəcəyiniz mümkündür. Bu, çox ciddi bir bəyanat idi. Hesab edirəm ki, Ermənistanın sülh danışıqlarını, ümumiyyətlə kommunikasiya xətləri ilə bağlı olan məsələləri, delimitasiya-demarkasiya məsələlərini süni şəkildə uzatması, zamanında bizim xarici işlər nazirinin dediyi kimi, risklər yaradır. Prezident də bunu xüsusi vurğuladı ki, əgər belə olacaqsa, biz nə edəcəyimizi bilirik” .

İ.İsamyıl deyib ki, bu, Ermənistanda revanşist qüvvələrə kəskin cavab idi: “Eyni zamanda dövlət başçısının Rusiyanın da bu Bəyanata qol çəkdiyini, öz üzərinə öhdəlik götürdüyünü, lakin Rusiya tərəfinin Bəyanatı imzalamasına baxmayaraq onları, yəni erməniləri buna məcbur etmədiyini də xüsusi vurğulaması diqqətəlayiq məsələdir. Hesab edirik ki, bundan sonra Ermənistan tərəfindən bu məsələnin süni şəkildə uzadılmasının qarşısı alına bilər. Yəni Rusiya Ermənistanı məcbur edə və tezliklə sülh danışıqlarına, xüsusilə kommunikasiya xətlərinin açılması ilə bağlı olan məsələlərə bir aydınlıq gətirilə bilər. Ümumilikdə bu müşavirədə cənab Prezidentin səsləndiridyi fikirlər olduqca vacib idi”.

Mission News Theme by Compete Themes.