Press "Enter" to skip to content

Dünyanın nəzərləri Tehrana yönəlir

Dr. Yücel Karauz

Son yeniləmə: 18 İyul 2022 12:49

Yücel Karauz: Türkiyənin bu zirvə görüşündən gözləntisi əsasən Suriyada baş verənlərlə bağlıdır

Bayraqdar.info – “Məlum olduğu kimi, Tehranda Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında üçtərəfli zirvə görüşü olacaq. Bu, Astana formatında keçirlən sayca 7-ci zirvə görüşüdür. 2021-ci ildə üçtərəfli zirvə pandemiyaya görə onlayn keçirilmişdi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Y.Karauz bildirib ki, bu zirvənin keçirilmə zamanı xüsusi olaraq diqqəti çəkir: “Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden Orta Doğu səyahətindədir. C.Bayden İsrailə, Fələstinə, Səudiyyə Ərəbistanına səfər etdi. Bu səfərdə o, hədəf olaraq İranı göstərdi. Səbəb də İranın Rusiyaya dəstək verməsidir. Dolayısı ilə ABŞ Prezidenti tərəfindən hədəf göstərilən İran və Rusiya ilə bərabər Türkiyənin bu toplantıya qatılması diqqət mərkəzindədir”.

Müsahibimiz deyib ki, üçtərəfli zirvədə Suriyadakı mövcud durum, PKK/YPG və İŞİD başda olmaqla regionun təhlükəsizliyinə hədə sayılan terror təşkilatları ilə mübarizə, Suriyadakı problemin siyasi yolla həlli istiqamətində atılan addımlar, humanitar vəziyyət və suriyalıların ölkələrinə geri dönmələri məsələləri ətrafında müzakirələr aparılacaq: “Təbii ki, sayın Cümhurbaşqanı R.T.Erdoğan Rusiya dövlət başçısı V.Putinlə də ikitərəfli görüş keçirəcək. Bu ikili görüşdə də strateji məsələlər təkrar nəzərdən keçiriləcək. O cümlədən, Suriyada və Orta Doğudakı hərbi məsələlər də təkrar müzakirə ediləcək”.

Y.Karauzun sözlərinə görə, Türkiyənin bu zirvə görüşündən gözləntisi əsasən Suriyada baş verənlərlə bağlıdır: “Xüsusilə də Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı planlaşdırdığı hərbi əməliyyat əsas müzakirə mövzusu olacaq. Bu olduqca gərgin bir əməliyyat ola bilər. Çünki bu bölgədə həm Rusiya, həm ABŞ, həm İran, həm də Avropa dövlətləri var. Bunların heç biri öz maraqlarına görə Türkiyənin bu əməliyyatı aparmasını istəmir. Lakin Türkiyə xüsusilə də sərhədində 30 kilometrlik dərinlikdə təhlükəsizlik zolağı yaratmaqda qərarlıdır. Bu da təbiidir. Çünki bu gün Türkiyə terrordan ən çox əziyyət çəkən ölkədir”.

O da qeyd olunub ki, üçtərəfli zirvə eyni zamanda Türkiyə ilə İran arasındakı toplantının keçirilməsi zamanı ilə üst-üstə düşür: “Belə ki, 18-19 iyul tarixlərində eyni zamanda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısı keçiriləcək. Dolayısı ilə Cümhurbaşqanı R.T.Erdoğan və İran Prezidenti İ.Rəisinin rəhbərliyi ilə Tehranda keçiriləcək bu toplantı da diqqətlə izləniləcək. Bu toplantıda Türkiyə-İran əməkdaşlığının bütün istiqamətləri, ikili əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək. Eyni zamanda regional və qlobal məsələlər də nəzərdən keçiriləcək”.

Y.Karauz sonda “Heç şübhəsiz Türkiyə Cümhurbaşqanının istər Rusiya, istərsə də İran dövlət başçısı ilə görüşündə Qafqazdakı vəziyyət də əsas müzakirə mövzusu olacaq. Yəni hazırda Qafqazın gələcək inkişafı, Ermənistanın günahı ucbatından yaranmış vəziyyət, bu ölkənin verdiyi sözə əməl etməməsi kimi məsələlər ikitərəfli görüşlərdə əsas müzakirə mövzualarından biri olacaq”, – deyə əlavə edib.

Mission News Theme by Compete Themes.