Press "Enter" to skip to content

54 min hektardan çox torpaq sahəsi suvarılır

Bayraqdar.info – İmişli rayonunda suvarma mövsümü uğurla davam edir.

Bu barədə bayraqdar.info-ya iyulun 18-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, suvarmanın mütəşəkkil aparılması üçün İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən bütün hazırlıq işləri yekunlaşıb: “Hazırlıq işləri sürətlə aparılır. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarını lildən təmizləmək, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəçilərini su ilə təmin etməkdir. İdarənin balansında olan 25 ədəd nasos stansiyalar vasitəsilə 9 min 515 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları vardır ki, bu da su tələbatına uyğun ərazilərdə quraşdırılır. Suvarma mövsümünə qədər bütün nasos stansiyalara baxış keçirilərək saz vəziyyətə gətirilib. Hazırda nasos stansiyaların hər biri işlək vəziyyətdədir”.

D.Şərifov deyib ki, İmişlidə əkin sahələri uzunluğu 1 min 176 kilometrdən artıq olan suvarma kanalları vasitəsilə suvarılır: “Bunlar əsasən, Araz çayı və Yuxarı Qarabağ kanalından qidalanan Boztəpə, Qızıl arx, Köhnə Cənubi Muğan, Rəsul arx, Osmanov kanalı, Baş Muğan və Orta Muğan kanallarıdır. Bu günə qədər ümumilikdə 413 min kubmetr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib, 1 kilometr uzunluqda nov kanal cari təmir olunub. Bundan başqa 7 ədəd hidrotexniki qurğunun cari təmiri həyata keçirilib”.

“İmişli rayonunda 2022-ci il təsərrüfat ilində 16 min 630 hektar sahədə taxıl, 7 min 121 hektar pambıq, 25 min 145 hektar yem bitkiləri, 550 hektar bostan-tərəvəz, 150 hektar qarğıdalı, 50 hektar çoxillik bitkilər və 4650 hektar həyətyanı sahələrdə əkin aparılıb və əkilən bütün bitkilər suvarma suyu ilə təmin olunub. Qeyd edək ki, İmişli Suvarma Sistemləri İdarəsi 54 min 290 hektardan artıq suvarılan torpaqlara xidmət edir”, – deyə D.Şərifov əlavə edib.

Mission News Theme by Compete Themes.