Press "Enter" to skip to content

“Pis adamlar” – OÇERK

Aqşin DADAŞOĞLU

Son yeniləmə: 17 İyul 2022 10:52

Aqşin DADAŞOĞLU

Bayraqdar.info – Müharibədən düz iki ay sonra oğlumu məzuniyyətə buraxdılar. Kənddə əməlli-başlı məclis qurduq. Qohum-qardaş, kənd camaatı evimə gözaydınlığına gəldi. Məclis düz bir həftə davam elədi. Evdə hamımızın üzü gülürdü. Həyətdə ora-bura qaçışan nəvələrimə qarışıb gah uşaqlarlarla top-top, gah da gizlənqaç oynayırdım. Sevincli idim.

Günorta çay süfrəsinin ətrafında oturanda oğlum birdən dilləndi:

-Dədə, mən maşın almaq istəyirəm.
-Nə? Nə maşın?
-Maşın da. İstəyirəm ki, mənim də avtomobilim olsun…

…Şuşa uğrunda vuruşlarda düz 14 gün oğlumdan xəbər-ətər yox idi. Bir onu bilirdim ki, xüsusi təyinatlılar Füzulidən Şuşaya doğru hərəkətə keçiblər. Bax, onda ürəyimdə özümə söz vermişdim ki, təki oğlum bu müharibədən sağ-salamat gəlsin, Allaha, Qara Şıx babaya and olsun ki, bir də uşağı öz zəhər dilimlə sancmayacağam, xətrinə dəyməyəcəyəm. Nə istəsə, nə desə edəcəyəm.

…Oğlumdan xəbər olmayan vaxtlarda hər gün telefonuma yüzlərlə zəng gəlirdi. Yaxın-uzaq hamı oğlumla maraqlanırdı. Elə adamlar var idi ki, hər zəng edəndə dualar edir, ağlayır, məni də ağladırdılar. Elə adamlarda var idi ki, mənə Gəncədə, Yevlaxda, Bakıda yerləşən morqların telefon nömrəsini göndərir, ”bütün Şəhidləri ora gətirirlər, zəng elə, bir maraqlan” deyə məsləhət verirdilər.

…Kəndimizdən müharibədə iştirak edən gənclər çox idi. Qonşu Dədəli kəndinə artıq Şəhid də gəlmişdi. Gənc və nur üzlü Müqəddəsi ölkə Quzeyinin ən qədim qəbristanlıqlarından olan Çələbilər babada böyük izdihamla torpağa tapşırmışdılar.

Çələblər baba qəbrisanlığının ərazisi meşəlik olduğundan hər tərəf yıxılmış quru palıd və vələs ağacları ilə dolu olur. Heç bir kəndli isə bu quru odunlara pirin qorxusundan əl vurmaz, doğramaz, evinə aparmaz. Ona görə də bu yıxılmış quru ağacların üstünü kol- kos basmış və qəbristanlıqda hərəkət çətinləşmişdi.

…Şəhid Müqqədəsin dəfni zamanı Xaçmaz rayonunun icra başçısı qəbristanlıqdakı vəziyyətə görə bələdiyyəmizin rəisini möhkəm danlamışdı. Bələdiyyəmiz də dərhal Çələbilər baba qəbrisanlığında səliqə-sahman yaratmışdı.

…Sonra da bizim Bostançının Qara Şıx baba qəbristanlığını kol-kosdan təmizlətmişdi bələdiyyə rəisi.

Kəndə hər an Şəhid gələ bilərdi və bələdiyyəmiz icra başçısı tərəfindən bir daha danlanmaq istəmirdi. Bu Şəhid gəlmə ehtimallarının içində mənim də oğlumun adı hallanırdı. Nə qədər ağır olsa da həyat yoldaşıma, gəlinimə və qızıma hər an hər hadisəyə hazır olmağı tapşırmışdım. Bütün bunları yaşamağın özü bir dəhşət idi və mən bu dəhşəti heç bir ailəyə arzulamıram. Düz 16 günlük səssizlikdən sonra oğlum komandırinin telefonu ilə Şuşadan zəng elədi: “Dədə, Şuşanı azad etdik, mən sağ və salamatam”.

Mənim üçün dünyanın ən gözəl, ən xoşniyyətli, ən sevindirici zəngi idi bu zəng və bir anlıq Şəhid atalarını-analarını fikirləşdim. Görəsən onlar övladlarından gələn bu zəng üçün nələrindən keçməzdilər…

-Hansı marka maşın istəyirsən?
-Xarici maşın.
-18 min manata bizim “Xəzər” avtomobiləri var. Bəlkə o maşından götürək? Kreditlə də verirlər.
-Ay dədə, “Xəzər” avtomabilinin üstünə bir 20 min manat da pul qoymaq lazımdır ki, o maşından maşın olsun.
-Yaxşı, səhər gedib Sumqayıtdan sənə xarici maşın alarıq…

Fikirimdə isə ancaq bir reklam çarxının məşhur sözləri fırlanırdı: “Hər kəs yerli mal alsın, xeyir Vətənə qalsın”. Amma yerli mal da gərək keyfiyyətli olsun da. Olmur axı. Həm də deyirdilər ki, bu reklamın fikir banisini saxta şirkətlər qurub zay benzin satdığına görə həbs etmişdilər. Eh, sevgili Vətən! Səndə nə vaxt sözlə əməl üst- üstə düşəcək axı?..

Öz aləmimdə bu mövzunu bir daha fikirləşirəm. Quzeyin ən gözəl torpaqlarını, ən qiymətli bağlarını hökumətə və büdcəmizə əli çatan məmur-oliqarxlar satın alıblar. Təbiətin ən gözəl yerlərində onların villaları ucalır. İstədikləri dağı, meşəni, gölü, bulağı, dəniz sahilini zəbt eləyiblər…

Əgər “Xəzər” avtomobilləri də babat bir maşın olsa idi hamısını özlərinə alardılar. Və yaxud xidməti maşın edərdilər, daha belə təkidlə yetim-yesirə satmazdılar…

…Sumqayıtda bizi ömrünün 25 ilini qəzaya uğramış avtomobillərin dəmirçisi işləyən qardaşım oğlu Əli qarşıladı. Əli insanlardan çox maşınları tanıyır.

Qardaşoğlu Əliyə min dəfə pislik edən ürəyi, xisləti qurdlu adamı o, böyük məhəbbətlə “qardaşım, dostum” deyə tərifləyə bilər. Amma xırda bir qəza keçirib yaxşı təmir olunmuş maşını uzaqdan tanıyıb “pis maşındır” deyər.

Əli hər hansı maşına baxan kimi bilir ki, onun dərdi nədir. Qəzadan sonra təmirdən çıxan maşının hansı qaynaqla hansı usta tərəfindən təmir edildiyi, o ustanın yaşı, səliqəsi, pintiliyi, xəsis və yaxud əliaçıq olduğu haqqında məlumat verər. Necə deyərlər, qardaşoğlu Əli insanların yox, bütün maşınların içini tanıyır.

Gözəlim Sumqayıtda qardaşoğlunu tanımayan usta və maşın alverçisi yoxdur. Sürücülər Əlini sevir, yaxşı bir dəmirçi kimi hörmətini saxlayır. Maşın alverçiləri isə Əlini düşmən bilir, ona nifrət edirlər. Mən bunu Sumqayıtın bitib-tükənməyən maşın salonlarında, maşın bazarlarında hiss elədim.

Qardaşoğlu Əli çox arıq, donbagöz və danışığını bilməyən, yəni çox sürətli və rabitəsiz danışan və lazım olduğundan daha çox səmimi bir adamdır. Dalaşmağa çox meyillidir. Ən qəribəsi odur ki, qardaşoğlu bütün dava-dalaşlardan üzüağ, alnıaçıq, yəni döyülməmiş, söyülməmiş çıxır.

Məsələn, davanın şirin yerində, “gör nə günlərə qaldın, ya Əli, gör kimlər sənə əl qaldırır, ya Əli” deyir. Özü də ki, bu cümlə qardaşoğlu Əlinin tələffüzünü dəqiq edib ifadə edə biləcəyi yeganə cümlədir. Məmləkətimdə isə elə bir adam tapılmaz ki, Əli adına hörmət etməsin. Əli adını eşidən hər kəs, “adına qurban, ya Əli” deyib kənara çəkilir.

Əli adı qardaşoğlu Əlinin özünümüdafiə sistemində ən yüksək yerdə dayanır və bütün həyatı boyu bu addan imkan düşdükcə istifadə edir. Yüksək rütbəli məmurlarla şəkil çəkdirib sonra bu şəkili maşınlarının ön, arxa şüşələrinə yapışdıran fürsətcil adamlar kimi bizim Əli də maşınının qabaq şüşəsinə “Mənim adım Əlidir” yazısı yapışdırıb. Gözəl vətənimdə maşının ön və ya arxa şüşəsinə “Mən Qarabağ qazısiyəm”, “Mən müharibə veteranıyam”, “Mən Şəhid ailəsiyəm” yazısı yapışdıran maşınların arasında “Mənim adım Əlidir” yazısı ilə keçən maşın görsəniz bilin ki, bu maşın mənim qardaşoğlum Əlinin maşınıdır. İmamızın, Həzrətimizin və el ağsaqqalı, Fin və Dünya müharibələrini keçən babam Əlinin adını daşıyan bizim Əlinin.

…Bütün Bakının və Sumqayıtın maşın satılan yerlərini ələk-vələk elədik. Saytlara qoyulmuş büdcəmizə uyğun satılıq maşınların yiyələrinə zəng elədim, amma oğlumla Əliyə maşın bəyəndirə bilmədim. Oğlum bəyənən maşına qardaşoğlu Əli dərhal bir “nırx” qoydu. Maşın filan yerdən vurulub, təmirini də Masazıırdan usta Həmdi eləyib. Əli bəyənən maşınları oğlum bəyənmədi. Üçümüzün də bəyəndiyi maşına isə pulumuz çatmadı.

Bu minvalla axşamüstü yorğun-arğın Sumqayıtda yolun kənarında yerləşən bir avtosalona girdik. Bizi üç nəfər orta yaşlı kişi qarşıladı.

-Salam.
-Əleyküm salam. Xoş gəlmisiniz. Maşın seçirsinizsə, içəri salonlarda və bayırdakı dayanacaqdakı maşınların hamısı bizimdir. Seçin.

Qardaşoğlu Əli tez bizi kənara çəkdi:

-Gedək buradan.
-Niyə?
-Görmürsən pis adamlardır?
-Olsun da pis adamlar…
-Ağlı olan alıcı onlarla alver eləmir.
-Bəs bayaq getdiyimiz salonlarda pis adam yox idi?
-Var idi, amma mən bu kişiləri tanıyıram, onlar yaxşı adamlar deyil.
-Sən maşınları yaxşı tanıyırsan, adamları yox.
-Onda mən gedim, yaxınlıqda “zapçast” mağazasında yarım saatlıq işim var. Özünüz bilin…

İmkan düşdükcə maşınlara baxan oğlumu seyr edirəm. Arıqlayıb, amma təzə alıb geydiyi paltarlar ona yaraşır. Ürəyimdə “maşallah” deyib qürurlanıram. İnsan qürur hissi keçirəndə içindən bir həzin və soyuq, amma xoş gizilti keçir. İstəyirsən ki, bu xoş gizilti sənin canında əbədi qalsın, heç yerə getməsin.Elə qürurlana-qürurlana ömrünü başa vurasan.

-Nə əcəb hərbi paltarlarını geyinmədin?
-Ay dədə, bir ildi əynimdə hərbi paltardı. Müharibəyə gəlməmişəm ki, maşın almağa gəlmişəm.

Sonra “Həm də nə isə…” deyib əlini yellədi.

*****

…İki gün bundan öncə bizim ikimizi də rayonda bir tədbirə dəvət etmişdilər. Adamın başının üstündə Allah var, çox gözəl qarşılanma, çox gözəl tədbir oldu. Mən öz şeirlərimdən oxudum, oğlum da qısa bir çıxış elədi. Oğlumdan sonra tirbunaya hündürboylu, hərbipaltarlı, qırmızı beretli bir oğlan çıxdı. Düz bir saat tribunada gur-gur guruldadı, nərə çəkə-çəkə danışdı. Onun əl-ayaq hərəkətləri ilə müşayiət olunan vəcdlə danışması sürəkli alqışlara səbəb oldu.

Oğlanın çıxışından sonra oğlum dedi ki, dədə, gedək o qırmızı beretli oğlan ilə tanış olaq. Görüm haranın xüsusi təyinatlısıdır…

Yaxınlaşdıq, salamlaşdıq. Rəhmətlik Ənvər kişi demişkən, “Əlihaqqı” oğlan da bizimlə ünsiyyətə tez başladı. Məni böyük şair adlandırdı. Səlim Babullaoğlunun gözündən iraq, böyük şair sözü ürəyimə yağ kimi yayıldı. Oğlumu isə dəfələrlə qucaqladı.

-Qardaş, qırmızı beretdən belə görünür ki, xüsusi təyinatlısan.
-Yox, xüsusi təyinatlı deyiləm. Həm idman, həm də hərbi müəlliməm.
-Bəs xüsusi təyinatlı forması geyinmisən, qırmızı beret qoymusan. Qırmızı beretinin vəsiqəsi varmı? Bu bereti vəsiqəsiz geyinmək olmaz axı…
-Ay qardaş, nə vəsiqə, nə filan? Formanı hərbi komissarlıqdan veriblər, bereti də evdəki “qəməndir” tikib. Sən canın, bax gör bereti yaxşı oxşadıb?..

Tədbirdən sonra oğlum yol boyu danışmadı.

Evə çathaçatda soruşdum.

-Niyə dinmirsən, a bala? Tədbir xoşuna gəlmədi?
-Vüsal Şuşada Şəhid olanda cibindən qırmızı beretini çıxarıb mənə verdi ki, atama verərsən…

*****

-Dədə, bu maşından xoşum gəldi.
-Hə, lap yaxşı, Əli gəlsin baxsın.

“Pis adamların” üçü də yaxınlaşdı. Hərəsi bir yandan maşını tərifləməyə başladılar. Arada da tərifin içinə “elə bu maşın sənin kimi el ağsaqqalının oğluna yaraşır kimi” cümlələr də qatırdılar. Maşın da mənə görünüşcə pis təsir bağışlamadı. Satıcılardan biri oğluma dedi ki, otur, sür bax, xoşuna gəlib bu maşını alsan sənin kimi cavan oğlan üçün maşının pulundan min manat keçəcəyəm.

Oğlum da sevincək maşına minib sürüb getdi. 15 dəqiqədən sonra qayıdıb, “dədə, əla maşındır, alaq bunu” dedi. Həm də bu əmi mənim üçün min manat keçir.

-Vur əlini bura satdım getdi.

Hadisələr elə tez cərəyan elədi ki,təəcüb qaldım.

Pulu sayhasay ərəfəsində Əli gəldi çıxdı və aldığımız maşına baxıb, “bu maşın vurulub, təzə təmirdən çıxıb” dedi.

“Pis adamlar”dan biri dərhal dilləndi:

-Nə vurulması, əə? Sübut edə bilərsən?

Əli maşının hansı tərəfinə baxdısa orada bir “qəmbərqulu” çıxardı: “Bax, buradan əzilib, bunu usta filankəs düzəldib. Elə düzəldib ki, bunu ancaq yaxşı ustalar bilər, adi adam bunu bilə bilməz. Qaynağı, rəngi də əla işləyiblər. Heç bilinmir. Amma fakt budur ki,maşın avtoqəzadan çıxıb”.

“Pis adamlar” sürəkli and içməyə başladılar. Elə and içirdilər ki, onların səsindən təzyiqim qalxıb əl-ayağım əsməyə başladı. Allahdan tutmuş bildikləri bütün peyğəmbərlərin ruhuna, eşitdikləri, tanıdıqları pirlərin, seyidlərin cəddinə, çörəyə, qəndə, suya, mənim ağ saçlarıma, oğlumun yaraşığına, inandığım və inamadığım hər şeyə and içdilər ki, maşın təmiz maşındır. And içmə mərasimi lap teatr şəklində gedirdi. Elə bil ki, uzun illər teatrda eyni rolu oynayan aktyorlarla qarşılaşmışdım. Halal olsun, hər gün oynadıqları rolu bizim üçün elə məharətlə oynadılar ki, axırda qardaşoğlu Əli də razılaşdı. Mən və oğlum isə andiçmənin ilk dəqiqələrində artıq razılaşmışdıq.

“Əmi, alırsan al, yaxşı maşındır. Amma mən yenə dediyimi deyirəm ki, maşın “udar”a düşüb. Allah mübarək eləsin” dedi qardaşoğlu Əli…

Yaxınlıqdakı boş çayxanaya keçdik. Cibimdən pulları çıxarıb stolun üstünə tökdüm. Gülə-gülə “oğlumun müharibədən qazandığı pullardır” deyə bir zarafat elədim.

“Pis adamların” ən yaşlısı soruşdu:

-Nə müharibə?
-Oğlum müharibə veteranıdır. Xüsusitəyinatlı. Məzunuyyətə gəlib, pullar da müharibə zamanı aldığı maaşı və məzuniyyət puludur.
-Bəs sən?
-Mən də neftçi babayam. Əlini də ki, tanıyırsız.

“Pis adamların” üçü də bir-birinin üzünə baxdı:

-Yoo, ağsaqqal, biz bu maşını bu oğlana satmırıq. Götür pulunu, qoy cibinə.
-Necə yəni satmırıq? Danışdıq axı. Pul sayıram mən.
-Yox e, satmırıq, qutardı. Bu uşaq üçün daha yaxşı bir maşın var, gedin o biri salondan çıxarın.

Hamı maşına baxmaqa getdi.Mənimlə isə ağsaqqal “pis adam” qaldı.

-A kişi, bu nə söhbətdir, əvvəl satırıq, sonra satmırıq?
-Müharibədən çıxan, öz qanpuluna maşın almaq istəyən igidə o maşını satmaq kişilikdən deyil. Almaq istədiyiniz maşın körpüdən çaya düşüb, üstündə 3-4 usta aylarla işləyib ərsəyə gətirib. Bilsəydim ki, uşaq xüsusi təyinatlı, sən neftçisən, heç əvvəldən bu maşını sizə satmaq istəməzdik.
-Hansısa bədbəxtə satacaqsan da bu maşını?
-Biz əsasən belə maşınları camaatın cibindən oğurluq edən xırda oğrulara, xırda gəmircilərə satırıq… Maşını haram pulla almaq istəyənlərə… Böyük oğrular bizdən maşın almır. Onların maşınları “selofanda” gəlir xaricdən. Bəli, bizim adımıza çox yerdə pis adam deyirlər. Düz deyirlər, amma biz bilirik kimə “atırıq”, nə “atırıq”. Sizi tanımadıq. Rəhmətliyin oğlu, neftçisən neftçi kimi geyin də… Ağ köynək, qalstuk nədir? Köhnə kənd soveti sədrlərinə oxşayırsan.
-Bəs bu yalandan and içmələrə nə deyirsən?
-Allah bilir niyyətimiz safdı. Əsas niyyətdir. Niyyət saf olanda yalandan and içə bilərsən.

Güldüm.

…Əli təklif olunan maşını görən kimi deyib ki, “təmiz maşındır”. Sakitcə maşını alıb, sürüb getdik kəndə.

Hərdən yolum düşəndə həmin “pis adamların” yanına – avtosalona gedirəm.

Məni görən kimi gülə-gülə, “kənd soveti gəldi” deyirlər. Oğlumu və oğlumun maşınını soruşurlar. İndi qardaşoğlu Əli də o avtosalonda işləyir. İşləyir deyəndə, yalandan “pis adamlarla” birlikdə and içir…

Mission News Theme by Compete Themes.