Press "Enter" to skip to content

Meksika televiziyasında “Şuşa İli” haqqında danışılıb

Son yeniləmə: 16 İyul 2022 10:22

Bayraqdar.info – Meksikanın geniş izləyici kütləsinə malik “Canal Ocho” dövlət televiziyasının “Xəbərlər” proqramında Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurlar, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri haqda səfir Məmməd Talıbovun müsahibəsi yayımlanıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, müsahibədə ilk olaraq, ölkəmizin 30 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, bu müddət ərzində Azərbaycanın regionun həm iqtisadi-sosial, həm də siyasi liderinə çevrilməsi, imza atdığı irimiqyaslı layihələr və sosial-iqtisadi uğurları haqda məlumat verilib: “Daha sonra 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib. Həmçinin, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin bu il 270 illik yubileyinin qeyd olunduğu bildirilib, orada hazırda Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işlərindən, Şuşa şəhərinin çoxsaylı beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsindən bəhs edilib”.

Məlumata əsasən, müsahibədə ölkəmizin BMT və Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlarda rolundan bəhs edilib: “Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyi qeyd olunub. Diplomat bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu, bu müddət ərzində ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyini diqqətə çatdırıb”.

Mission News Theme by Compete Themes.