Son yeniləmə: 16 İyul 2022 09:56
Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti təqaüd proqramı müsabiqəsini elan edir.
Bu barədə bayraqdar.info-ya QSC-dən məlumat verilib.
Məlumata əsasən, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədilə təsis edilən təqaüd Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq: “Müsabiqədə 2022-2023-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir”.
Qeyd edilib ki, təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq: “Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur”.
“Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildikdən sonra (202215 iyul) start verilir. Müraciət üçün son tarix iyulun 31-dir. Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2021-2022-ci tədris ili üzrə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 9, peşə təhsili müəssisələrində isə təhsil alan 18 tələbəyə təqaüd verilib”, – deyə məlumatda daha sonra bildirilib.