Bayraqdar.info – 2022-ci ilin birinci yarımilliyində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 31 min 317 xidmət göstərilib. Bu xidmətlərin 12 min 347-si “Xaçmaz KOB evi”, 18 min 970-i isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya iyulun 15-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, göstərilən xidmətlərin 29 min 750-si dövlət-biznes (“G2B”), 1 min 567-si isə biznes-biznes (“B2B”) xidmətləridir: “KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir. Qeyd edək ki, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür”.
Məlumat üçün bildirək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.