Bayraqdar.info – İyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistana rəsmi dövlət səfəri və onun yüksək nəticələri bu gün də hər iki ölkədə, eləcə də beynəlxalq müstəvidə müzakirə mövzusudur. Bu da təsadüfi deyil. Çünki həm Azərbaycan Prezidenti İ.Əliyevin, həm də qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyevin bu səfərlə bağlı sərgilədiyi münasibət, qarşılanma və mərasimlərin layiqli bir şəkildə gerçəkləşməsi diqqət çəkməyə bilməzdi. Sözügedən səfər bir daha göstərdi ki, bu iki qardaş ölkə və onların xalqları arasındakı münasibətlər doğrudan da örnək olacaq səviyyədədir.
Özbəkistan Azərbaycan Prezidentini yola saldıqdan az sonra daha bir qardaş ölkə – Türkmənistanın Prezidenti Serdar Berdımuhamedovu təntənəylə qəbul etdi. İyulun 13-14-də S.Berdımuhamedov və yüksək səviyyəli dövlət heyəti qardaş Özbəkistana səfər etdi. Bu səfər də təmtəraq və təntənəsilə diqqət çəkdi.
Özbəkistan Azərbaycanla olduğu kimi Türkmənistanla da bir sıra ikitərəfli sənədlər imzaladı, münasibətlərin daha üstün səviyyəyə yüksəldilməsi, qarşılıqlı maraqların təmin edilməsi üçün razılaşmalar əldə edildi.
Özbəkistan Prezidenti Mətbuat xidmətinin yaydığı xəbərdən bəlli olur ki, iki ölkə arasında 19 ayrı sənəd imzalanıb. Bu sənədlər nəqliyyat-tranzit, turizm, Amudərya çayının su ehtiyatlarından istifadə, elmi-tədqiqat, ticari-iqtisadi, elmi-texniki, xarici işlər, iki ölkə arasında sərbəst ticarət zonası, kimya, gömrük, dəmir yolları, muzeylər, ədliyyə, gənclər siyasəti, teleradio və başqa sahələri əhatə edir.
Göründüyü kimi, iki ölkə rəhbərinin görüşləri, eləcə də heyətlər arası görüşlərin sonucu olaraq iş birliyi üçün xeyli razılaşma əldə edilib. Bu da təsadüfi deyil. Çünki Özbəkistanla Türkmənistan birbaşa quru sərhədi, tarixi keçmişi, adət-ənənələri, dini, mədəniyyəti ortaq olan iki qardaş xalqın dövlətləridir. Belə dövlətlər arasında münasibətlərin hər keçən gün daha da irəli aparılması, əlbəttə ki, vacib və gərəklidir. Ən əsası isə odur ki, özünün müdrik idarəetməsi ilə fərqlənən Prezident Şavkat Mirziyoyev bütün bunları nəinki yaxşı anlayır, eyni zamanda gerçəkləşməsi üçün ən optimal addımları atır.
Türkmənistan, ondan öncə də Azərbaycan prezidentlərinin qardaş Özbəkistana yüksək səviyyəli dövlət səfərlərinin bu qədər uğurlu olması həm də diqqəti Prezident Şavkat Mirziyoyevin liderlik keyfiyyətlərinə cəlb edir.
2016-cı ildə Özbəkistan Prezidenti seçilməsinin ardından Ş.Mirziyoyev ölkəsini daha çevik bir şəkildə irəli aparmasıyla diqqət çəkir. Onun ilk işləri qonşu və qardaş Qırğızıstan, həm də Qazaxıstanla özəlliklə də sərhəd məsələlərində ortaya çıxan anlaşılmazlıqları yoluna qoymaq oldu. Məhz Ş.Mirziyoyevin prezidentliyi dönəmində biz bu ölkələr arasında sərhəd anlaşılmazlıqlarının demək olar ki, aradan qalxdığını müşahidə edirik.
Eyni zamanda onu da müşahidə edirik ki, Orta Asiyanın bu qədim və köklü dövləti qonşu və qardaş dövlətlərlə münasibətlərin daha da yaxşılaşdırılması, aradakı anlaşılmazlıqların məhz masa arxasında çözülməsi üçün ən uyğun və bacarıqlı addımları atır.
Ş.Mirziyoyevin dövlət başına gəlişi ilə Özbəkistan bütün qonşularla münasibətləri yoluna qoyub, hətta ittifaq dövləti səviyyəsində münasibətlərin qurulması üçün ilkin addımları atıb.
Eyni zamanda illərdir bütün türk dünyasının yolunu gözlədiyi Özbəkistan məhz Ş.Mirziyoyevin müdrik liderliyi sayəsində bu qardaş ailəyə geri döndü, orada tam hüquqlu üzv kimi yerini aldı. Yəni bu gün Özbəkistan da Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə kimi Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvüdür.
Biz həmişə bu düşüncədə olmuşuq ki, qardaş Özbəkistanın olmadığı heç bir türk birliyi tam sayıla bilməz. O baxımdan Prezident Ş.Mirziyoyevin milyonlarla dünya türkünün səsinə səs verməsi, qardaş özbək xalqını da haqqı olan səviyyədə Türk Dövlətləri Təşkilatı ailəsinə qatması, əlbəttə ki, təqdirəlayiqdir.
Bu arada qardaş ölkəni içəridən qarışdıraraq bu uğurlu gedişatı dayandırmaq istəyənləri də unutmayaq. İyulun ilk günlərində Özbəkistana bağlı Qaraqalpağıstan bölgəsində xaricdən körükləndirildiyi şübhə doğurmayan bölücülük cəhdlərini hamımız həyəcanla seyr etdik. Burada da diqqətimizi Özbəkistan liderinin təmkinli və müdrik davranışı cəlb etdi. O, ilk anda bölgənin mərkəzi Nukus şəhərinə səfər etdi, oranın rəsmiləri ilə bir toplantı keçirdi.
Bir liderin bu qədər açıq müzakirəyə hazır olması, eyni zamanda təhlükəli durumun yarandığı bölgəyə səfər etməsi heç də tez-tez rast gəlinən görsəniş deyil. Amma Özbəkistan Prezidenti şəxsi təhlükəsizliyini belə göz ardı edərək xarici mərkəzlərin qarışdırmaq istədiyi bölgəyə səfər etdi. Nəticə isə göz qabağındadır. Qaraqalpağıstanda sabitlik bərpa edilib, həyat normal axarına düşüb. Ət və dırnaq qədər bir-birinə doğma olan özbək və qaraqalpaq qardaşlarımız arasında nifaq salmaq istəyənlər bu dəfə də istəklərinə çata bilmədilər. Özbəkistan liderinin müdrik, soyuqqanlı və uzaqgörən siyasəti nəticəsində.
Sonda yenidən Türkmənistan Prezidentinin rəsmi dövlət səfərinə qayıdaraq qeyd edək ki, bu dövlətin rəhbərinin türk dövlətləri arasında ilk belə səfərini məhz Özbəkistana etməsi təsadüfi deyildir. Bu həm də onun göstəricisidir ki, bölgədə Özbəkistanın yeri və rolu yüksək dəyərləndirilir, bir çox regional məsələlərin məhz onun vasitəsilə həllinə inanılır. O baxımdan Türkmənistan Prezidenti bu ölkəyə bu səviyyəli səfəri vacib bilib.
Azərbaycana gəlincə, həmişə bir fikrimizdə qəti olmuşuq ki, Özbəkistan bizim üçün öz ölkəmiz qədər önəmlidir. Bu qardaş ölkə ilə birlikdə olmağımız həm dövlət, həm də xalqlar baxımından mütləqdir.