Son yeniləmə: 15 İyul 2022 11:54
Bayraqdar.info – İyulun 15-i saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə başlanacaq.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər bu portalda qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər: “Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda, müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi mövcuddur. Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq”.
Qeyd edilib ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nağd şəkildə ödəyə bilərlər: “Nağdsız ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər”.