Press "Enter" to skip to content

KKTC-yə dönəndə bu layihələr camadanımda olacaq – 2

Mustafa Kemal Beyazbayram və Nadir Azəri

Son yeniləmə: 15 İyul 2022 11:02

Mustafa Kemal Beyazbayram: Azərbaycan insanı bu qələbədən güc alaraq əmin addımlarla irəliləyir

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayramın bayraqdar.info-ya özəl müsahibəsi

-Siz bura təyinat alarkən bir sıra layihələriniz vardı. Amma bir tərəfdən pandemiya, digər tərəfdən də KKTC-də məlum siyasi proseslər həmin layihələrin reallaşmasını qeyri-mümkün etdi. Yəqin ki, o layihələr sizin çamadanınızda KKTC-yə gedəcək. Məni maraqlandıran odur ki, yeni görəvdə həmin layihələrin reallaşmasına çalışacaqsınızımı?

-Təbii. Buna şübhəniz olmasın. Mən bura son dəfə təyinat alanda fəaliyyət müddətim az olmasına baxmayaraq müəyyən layihələr hazırlamışdım. Çünki bundan öncə də Azərbaycanda çalışdığım üçün, düşünürdüm ki, az müddət olmasına baxmayaraq həmin layihələri reallaşdıra biləcəm. Lakin dediyiniz kimi, bir tərəfdən COVID-19, digər tərəfdən KKTC-dəki məlum siyasi proseslər ucbatından onları reallaşdıra bilmədik. İstənilən layihənin reallaşması həm də maliyyə dəstəyinə bağlıdır. KKTC iqtisadiyyatının inkişafı da daha çox xarici tələbələr və turizmlə bağlıdır.

Müsahibə zamanı
Müsahibə zamanı

COVID isə hər iki sahədə bəlli böhran yaratdı ki, bu da bizə ciddi iqtisadi təsir etdi. Onu da deyim ki, bu layihələrin bürokratik hissəsi tam həll edilmişdi. Sadəcə onları reallaşdırmaq üçün vaxtın müəyyən edilməsi qalmışdı. O uyğun vaxtın da mən, inşallah, KKTC-də yeni görəvimə başlayandan sonra müəyyən edilməsinə çalışacağam. Yəni dediyiniz kimi, KKTC-yə dönəndə bu layihələr mənim camadanımda olacaq və onları bir-bir uyğun zamanda və uyğun şəkildə reallaşdırmaq üçün müvafiq quruma təqdim edəcəyik.

KKTC-də yeni dönəm başlayıb

-KKTC-yə zaman-zaman Azərbaycandan media təmsilçiləri gedib və bu, müxtəlif dövrlərə təsadüf edib. Hazırda isə KKTC-də tamamilə yeni dönəm başlayıb. Bu günkü KKTC əvvəlki KKTC-lərin hamısından fərqlənir. Adada bərabərhüquqlu iki dövlətin var olması və tanınması istiqamətində addımlar atılır. Hesab edirsinizmi ki, bu dövrdə Azərbaycan jurnalistlərinin orada olması xüsusilə vacibdir?

-Mən yuxarıda bəhs etdiyim layihələrin mərkəzində bu məqamı əsas götürmüşəm. Burada sosial şəbəkələr üzərindən yaratdığımız media qrupunda təmsil olunanların iki, yaxud üç qrup şəklində KKTC-yə səfər etməsinə çalışacağıq. Dediyiniz kimi, KKTC-də yeni dönəm başlayıb. Azərbaycan jurnalistləri bu dönəmin mahiyyətini olduğu kimi çatdrımaq üçün KKTC-yə səfər edib, müvafiq qurumlarda görüşlər keçirməli, müsahibələr almalıdırlar. Eyni şəkildə KKTC-dəki bəlli media təmsilçilərinin qalib Azərbaycana səfəri üçün layihəmiz var. İnşallah, bu, həyata keçəcək.

-Bəs, QHT-lər arasında əməkdaşlıq istiqamətində hansı addımlar atıla bilər? Məsələn, Türkiyə-KKTC-Azərbaycan QHT əməkdaşlığı, birgə konfransın keçirilməsi mümkündürmü?

-Bu təklifiniz yaxşıdır. Lakin bir vacib məqam var. QHT elə sahədir ki, orada çoxsaylı fəaliyyət istiqamətləri var. Yəni bütün sahələri bir yerə yığmaq bir qədər inandırıcı görünmür. Buna görə də hesab edirəm ki, QHT əməkdaşlığı sahələr üzrə uğurlu ola bilər. Deyək ki, sosial sahə ilə, yaxud şəhid və qazi ailələri ilə, yaxud iqtisadi, mədəni, o cümlədən media ilə bağlı QHT-lərin əməkdaşlığı formalaşsa, bu, daha səmərəli və reallaşması asan olan bir proses ola bilər. Digər tərəfdən burada istək qarşı tərəfdən gəlməlidir. Yəni QHT əməkdaşlığı üçün istək və təkif elə QHT-lərin özlərindən gəlməlidir. Əks halda dövlət qurumlarının istəyi ilə olacaqsa, bu, lazımi effekti verməyəcək.

Maraqlı müsahibədən daha bir an
Maraqlı müsahibədən daha bir an

İlkin olaraq üç dövlətin QHT-ləri arasında gənclik festivalı, yaxud mədəni konfrans, yaxud media çalıştayı ola bilər. Amma bir daha deyirəm ki, QHT-lərin öz təşəbbüsü və istəyi ilə. Hazırda gündəmdə olan savaş qazilərinin iş birliyinin yaranmasıdır ki, bu sahədə də öz fikrimi “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənliyə bildirmişəm. Onunla görüşdə bəzi təkliflər verdim. Sağ olsun, nəinki fikirlərimi təqdir etdi, hətta bu istiqamətdə önəmli addımlar atır. Mən onların sosial şəbəkələrdəki səhifələrini təqib edirəm. Bir müddət öncə Türkiyə, Azərbaycan və KKTC qazilər dərnəklərinin bir araya gəlməsi reallaşdırıldı. Baxın, bu, yuxarda bəhs etdiyim məqamdır. Həm hər üç ölkə QHT-ləri təmsil olunur, həm də konkret bir sahə üzrə üçlü fəaliyyət sərgilənir.

Muğam Şərqin operasıdır

-Azərbaycan həm də mədəniyyəti və musiqisi ilə fərqlənir. Siz necə, Azərbaycan musiqisini dinləməyi xoşlayırsınızmı?

-Azərbaycan mədəniyyət, sənət və musiqi sahəsində zəngin bir ölkədir. Azərbaycan bu sahədə güclü sənətçilərin vətənidir. Mənim telefonumda Üzeyir Hacıbəylinin “Arazbarı” muğamı var. Azərbaycan muğamı musiqinin incisidir. Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Muğam Şərqin operasıdır. İtaliya operası kimi muğam da yüksək və tarixi dəyərə malikdir. Qədim xalq musiqisidir. Muğam Azərbaycan xalqının mədəniyyəti, yaşam tərzidir. Mən muğamı çox dinləyirəm. Eyni zamanda Qara Qarayevin, Üzeyir Hacıbəylinin əsərlərini dinləyirəm. Fərhad Bədəlbəylini dinləyirəm. Onun ustad dərslərində iştirak etmişəm. Çünki həyat yoldaşım da piano məktəbini bitirib. Burada onunla tez-tez Opera və Balet Teatrına gedirdik. Bunlar Azərbaycanın mədəni zənginlikləridir. Azərbaycan bu sahədə türk dövlətləri arasında öndə gələnlərdəndir.

Azərbaycan xalqının tarixi xalçaların naxışlarında öz əksini tapıb

-Yəni xanımınız musiqiçidir…

-Həyat yoldaşım 1-ci sinifdən 10-cu sinifə qədər sənət məktəbində oxuyub və oranı bitirib. Amma ali təhsilini iqtisadçı ixtisası üzrə alıb. Azərbaycanda Dövlət İqtisad Universitetini bitirib. Bura ikinci gəlişimizdə isə İncəsənət Universitetnin sənət tarixi fakultəsinə qəbul olundu. Sənətə böyük marağı var. Rəsmlər də çəkir. Biz diplomatların xanımları daimi olaraq elmi işlə məşğul ola bilmirlər. Çünki daim həyat yoldaşları ilə birlikdə yer dəyişdirirlər. Həm də onların bir təmsilçi xanımı kimi görəvləri var.

Mustafa Kemal Beyazbayram həyat yoldaşı Diana ilə
Mustafa Kemal Beyazbayram həyat yoldaşı Diana ilə

Amma həyat yoldaşım fürsət tapdığı çərçivədə sənətlə məşğul olur. Sərgilərə və mədəni-kütləvi tədbirlərə, muzeylərə gedir. Bir müddət öncə Xalça muzeyində olduq. Azərbaycan xalqının tarixi bu xalçaların naxışlarında öz əksini tapıb. Bunları görməkdən məmnun olduq. Belə qərara gəldik ki, KKTC-də də belə işlərin təqdimatı istiqamətində davamlı addımlar ataq. Gələcəkdə burada KKTC-nin əl sənəti işlərinin sərgisini təşkil etməyə dair ilkin razılıq əldə etdik. Kıbrıs türk mədəniyyətinin tanıtım sərgisi olacaq. Eyni şəkildə də KKTC-də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbir təşkil ediləcək, festivallarda iştirak gerçəkləşdiriləcək.

-Bir qədər də uşaqlar barədə danışardınız…

-Əkiz qızlarım var. Beşinci sinifi qurtardılar. 11 yaşları var. Əslində, mənim xaricdə görəv müddətimi daha bir il uzatmağım uşaqların təhsili ilə bağlı oldu. Çünki KKTC-də orta təhsil üç mərhələyə bölünür. 1-5-ci siniflər ilk təhsil, 3 il orta təhsil, 4 il də liseydir. Yəni bu il ilk təhsili başa vurdular.

Mustafa Kemal Beyazbayram və ailəsi
Mustafa Kemal Beyazbayram və ailəsi

Beləliklə, biz ailə olaraq KKTC-də tam yeni həyata başlayacağıq. Uşaqlar orta təhsil mərhələsinə, mən müdir olaraq işimə başlayacağam.

KKTC-yə dönəndə bu layihələr camadanımda olacaq – 1

Mission News Theme by Compete Themes.