Son yeniləmə: 15 İyul 2022 16:36
Hər iki çevrilişin ortaq xüsusiyyəti Kıbrısı yunan adasına çevirmək idi
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Yunan xuntasının və EOKA terror təşkilatının 15 iyul 1974-cü il çevriliş cəhdinin 48-ci ildönümü və FETÖ terror təşkilatının 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdinin 6-cı ildönümü ilə bağlı açıqlama verib. Açıqlamasında o, “Hər iki çevrilişin ortaq xüsusiyyəti Kıbrısı yunan (Helen) adasına çevirmək idi”, – deyib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar açıqlamasında deyib: “Yunanıstanda hərbi xunta rəhbərliyi və EOKA terror təşkilatı üzvləri tərəfindən həyata keçirilən 15 iyul 1974-cü il çevrilişinin 48-ci, FETÖ terror təşkilatının ana vətən Türkiyədə 15 iyul 2016-cı ildə həyata keçirdiyi çevriliş cəhdinin 6-cı ildönümündəyik. İnsan hüquq və azadlıqlarına qarşı, demokratiyanı, millətin iradəsini tapdalayan bu faşist çevrilişləri bir daha pisləyirəm”.
Kıbrısda həmin dövrlərdə baş verən qanlı faciələrdən də bəhs edən E.Tatar “Yunanıstandakı hərbi xunta və EOKA üzvləri 15 iyul 1974-cü ildə həyata keçirdikləri hərbi çevrilişlə Kipri Yunan adası edə biləcəklərini düşünürdülər. Amma uğursuz oldular. Ana Vətən Türkiyə, beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarından istifadə edərək 1974-cü il iyulun 20-də səhər saatlarında həyata keçirdiyi Barış Hərəkatı ilə Kıbrısa ayaq basaraq xalqımızı azadlığa, bütün Kıbrısı sülhə, əmin-amanlığa qovuşdurdu”, – deyə vurğulayıb.
Açıqlamada 15 iyul 2016-cı ildə FETÖ-nün reallaşdırmaq istədiyi dövlət çevrilişi məsələsinə də toxunan KKTC Cümhurbaşqanı deyib ki, əgər bu cəhd uğurlu olsaydı KKTC rumların əsarətinə keçəcəkdi.