Press "Enter" to skip to content

15 iyulda bir daha “Kozmik oda” haqqında

"Kozmik oda"

Son yeniləmə: 15 İyul 2022 14:38

Yaxud “Kozmik oda”dakı dövlət sirlərinin ələ keçirilməsi ilə bağlı cinayət işi açılmalıdır

Bayraqdar.info – Bu gün, iyulun 15-i (15 Temmuz) qardaş Türkiyədə FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdinin 6-cı ili tamam olur. Düz 6 il əvvəl, 2016-cı il iyulun 15-də Fetullahçı Terör Örgütü (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhd göstərdi. Həmin müdhiş gecədə Türkiyənin xarici düşmənlərindən “vur, öldür, zəbt et” əmri alan daxili düşmənləri günahsız insanların qanını tökdü.

Cinayətkarlar öz çirkin məqsədlərinə çata bilmədilər

Lakin bu qanlı təşkilat və onun arxasında dayananlar öz çirkin məqsədlərinə çata bilmədilər. Çünki İstiqlal savaşından sonra Türkiyə xalqı yenidən məhz 2016-cı il iyulun 15-də 7-dən 77-yə ayağa qalxaraq dövlətini, qanuni hakimiyyətini qorudu. Bununla da yenidən dünya tarixinə öz adını qızıl hərflərlə yazdı!

Türkiyə xalqı 2016-cı il iyulun 15-də 7-dən 77-yə ayağa qalxaraq dövlətini, qanuni hakimiyyətini qorudu
Türkiyə xalqı 2016-cı il iyulun 15-də 7-dən 77-yə ayağa qalxaraq dövlətini, qanuni hakimiyyətini qorudu

Həmin gecə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın çağırışına cavab verən xalq Cümhuriyyətini qorumaq üçün küçə və meydanlara axışdı. Tankların üzərinə belə qorxmadan, əliyalın yürüyən Türkiyə xalqı FETÖ-nün dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı.

Vətən xainlərinə vurulan ölümcül zərbə

15 Temmuz Türkiyədə müasir dövrün vətən xainlərinə vurulan ölümcül zərbə oldu. Uzun illər dövlətin içində yuva qurmuş, dövlətin bütün qurumlarına sızmış bu xainlər bir növ parazit kimi hərəkət ediblər.

Yəni dövlətin vətəndaşları kimi bütün məqamlarda yerləşib, onun imkanlarından yararlanıb və dövləti içindən yeməyə başlayıblar. Sonda isə parazit kimi qanını içdikləri dövləti birdəfəlik ələ keçirməyə cəhd göstəriblər.

“Kozmik oda”dan başlayan komplo

Həmin günlər FETÖ var gücü ilə dövlətin bütün orqanlarında yerləşmişdi və Mustafa Kemal Atatürkün şah əsəri olan Türkiyə Cümhuriyyətini yox etmək üçün son hücuma hazırlaşırdı. Bundan öncə isə gerçək Atatürkçülər, milli dava adamları, dövlətinə və xalqına bağlı olan türk paşaları “Kozmik oda”dan başlayan bir komplo ilə “Ergenekon”, “Balyoz” kimi qurama əməliyyatlarla dəmir barmaqlıqlar arxasına salınmışdı.

21 iyun 2022-ci il tarixli “Dəvəquşu siyasəti və ya FETÖ görsənişləri” başlıqlı yazımızda da qeyd etdiyimiz kimi FETÖ-nün dəyərli türk paşalarını qaralama və zindana atma əməliyyatlarının başlanğıcı məhz “Kozmik oda” əməliyyatı olub.

Onu da xatırlatmaq yerinə düşər ki, həmin əməliyyatdan sonra “Kozmik oda”ya soxulan xainlər Türkiyə dövlətinə məxsus qiymətli məlumatları, dövlət sirri hesab edilən sənədləri FETÖ vasitəsilə PKK-ya və Amerikaya ötürmüşdülər. Məhz bu misli görünməmiş xəyanətin nəticəsində isə Türkiyənin 813 igid övladı şəhid edildi. Hansı ki, onlar uzun illər yetişdirilərək PKK daxilinə sızdırılmışdı.

Bir sözlə, bu gün FETÖ terror təşkilatının 6 il öncə əl atdığı dövlət çevrilişinə cəhddən danışarkən, istər-istəməz ilk ağla gələn “Kozmik oda” əməliyyatı və ondan sonra şəhid edilən türk xüsusi xidmət orqanlarının 813 üzvü olur.

Sui-qəsd iddialarının heç bir əsası yox imiş

Eyni zamanda, nəzərə alaq ki, həmin vaxt Bülent Arınça guya sui-qəsd ediləcəyinə dair iddia öz əksini tapmadı və bütün şübhəlilərə bəraət verildi. Yəni görünən odur ki, sui-qəsd iddialarının heç bir əsası yox imiş. Sadəcə məqsəd bu əsassız iddiadan istifadə edərək “Kozmik oda”ya soxulmaq və Türkiyə dövlətinin sirlərini düşmənlərə ötürmək olub.

Təbii ki, bu, özlüyündə bağışlanmaz dövləti cinayətdir. Elə isə 15 iyulun 6-cı ildönümünün qeyd edildiyi bu günlərdə vaxtı ilə “Kozmik oda” ətrafında oynanılan o çirkin oyunlar, o cümlədən dövlət sirlərinin ələ keçirilməsi ilə bağlı xüsusi cinayət işinin açılması labüddür. Düzdür, həmin vaxt bu qurama proseslə bağlı hadisələrin mərkəzində olan bəzi hakim və prokurorlara 15 iyuldan sonra cəza verilib. Amma hesab edirik ki, Türkiyənin ən məhrəm dövlət sirlərinin düşmənə ötürülməsinə səbəb olan bu komplo ilə bağlı yenidən araşdırma aparılmalı, xüsusi cinayət işi açılmalıdır.

Mehmet Metiner: Bu hadisə ilə bağlı xüsusi olaraq hüquqi araşdırma aparılmalıdır

Öz növbəsində məsələyə münasibət bildirən AK Partinin 24, 25 və 26-cı dönəm millət vəkili, siyasi yazar Mehmet Metiner bu məsələnin gündəmə gətirilməsinin vacib olduğunu deyir.

Mehmet Metiner
Mehmet Metiner

Bayraqdar.info-ya özəl açıqlamasında M.Metiner “Qeyd etdiyiniz kimi, “Kozmik oda”ya girildikdən sonra əldə edilən dövlətə aid özəl məlumatlar, yəni dövlət sirri hesab olunun sənədlər nə yazıq ki, FETÖ-cülərin əlinə keçdi” dedi.

Onun sözlərinə görə, uzun illər PKK-nın içinə sızmış, sızdırılmış, hətta Kandilə qədər sızdırılmış Türkiyənin istihbarat təşkilatının çox önəmli üzvlərinin adları FETÖ tərəfindən HDP vasitəsilə PKK-ya ötürüldü: “Təəssüflər olsun ki, o kəşfiyyatçılarımızın hamısı PKK tərəfindən qətlə yetirildi. Bundan başqa, dövlətin çox önəmli sirləri də FETÖ vasitəsilə Amerikanın əlinə keçmiş oldu. Mən də sizin o fikrinizi dəstəkləyirəm ki, bu hadisə ilə bağlı xüsusi olaraq hüquqi araşdırma aparılmalı, prosedur başladılmalıdır. Ümumiyyətlə, deyilən istiqamətdə məsələni gündəmə gətirmək vacibdir”.

Mission News Theme by Compete Themes.