Press "Enter" to skip to content

KKTC-yə dönəndə bu layihələr camadanımda olacaq – 1

Mustafa Kemal Beyazbayram

Son yeniləmə: 15 İyul 2022 10:57

Mustafa Kemal Beyazbayram: Azərbaycan insanı bu qələbədən güc alaraq əmin addımlarla irəliləyir

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayramın bu vəzifədə səlahiyyət müddəti artıq başa çatır. Bir neçə gündən sonra KKTC-yə dönəcək Mustafa bəy orada Xarici İşlər Nazirliyində vəzifədə çalışacaq. Bu arada onunla görüşüb, bayraqdar.info üçün özəl müsahibə aldıq.

Təəssüf ki, Azərbaycandan Şuşanı görmədən gedirəm – DİPLOMAT

Onu da qeyd edək ki, M.K. Beyazbayramın həyat yoldaşı Diana xanım azərbaycanlıdır. Onların Melisa və Milana adlı iki əkiz qızları var. Beləliklə, müsahibəni təqdim edirik.

Azərbaycan xalqı bir gün belə “daha heç vaxt o topraqlara gedə bilməyəcəyik” demədi

-Mustafa bəy, artıq Bakıdakı fəaliyyət müddətiniz başa çatır. Bir vətəninizdən digər vətəninizə gedirsiniz. Siz Azərbaycanın topraqları işğal altında olanda da burada işləmisiniz, qalib Azərbaycanda da. Bu iki Azərbaycanla bağlı ümumi təəssüratlarınız necədir?

-Müsahibəyə çox gözəl bir məqamla başladınız. Mən uzun illərdir ki, Azərbaycana gedib-gəlirəm. Sonuncu gəlişimdən öncə, Azərbaycanda çalışdığım və bura gəlib-getdiyim illlərdə Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi proseslərini Azərbaycan xalqı ilə birlikdə yaşadım.

Müsahibə zamanı
Müsahibə zamanı

Təbii ki, bununla bərabər Azərbaycanın siyasi və iqtisadi cəhətdən yavaş-yavaş inkişaf edərək, güclənərək irəliyə doğru addımlar atdığını da müşahidə etdim. Lakin hər şeyə rəğmən əvvəllər Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Azərbaycan vətəndaşlarının üzüntü içində olduğunu görürdüm. Yəni nə qədər iqtisadi baxımdan güclü, siyasi baxımdan inkişaf edən bir ölkə olsa da, torpaqlarının işğal altında qalması Azərbaycan vətəndaşlarında bir boynubüküklük əhvalı yaratmışdı. Belə deyək, insanlar toylarda sevinib, deyib gülüb əylənsələr də sonda Azərinin ifasında “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısı səslənərdi və insanlar da kədərlə, amma bir ağızdan “Türkün bayrağını, Azərbaycan bayrağını Qarabağdan asacağıq” deyərək, o torpaqların nisgili ilə toyu tərk edirdilər. Bu məqam insanların psixologiyasına mənfi təsir edirdi. Amma bu kədərin içində bir inam da var idi. Azərbaycan xalqı bir gün belə “daha heç vaxt o topraqlara gedə bilməyəcəyik” demədi, bunu ağlının ucundan belə keçirmədi. Sadəcə “biz üçrəngli bayrağımızı o torpaqlarda, Şuşada dalğalandıracağıq” deyə inamla bəyan etdi. Məhz bu inamla da 2020-ci ildə 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz zəfər əldə etdi. Beləliklə, sizin də dediyiniz kimi, mənim bu gəlişim artıq qalib Azərbaycana təsadüf etdi. Mən bu dəfə Azərbaycanda insanlarla söhbət edərkən tamamilə başqa əhval-ruhiyyə gördüm. Əvvəla gördüm ki, Azərbaycan iqtisadi və maliyyə baxımından çox sürətlə inkişaf edib. İkincisi, nəqliyyat-kommunikasiya müasir səviyyədə qurulub. Gözəl parklar yaradılıb.

Mustafa Kemal Beyazbayram və ailəsi tədbirlərdən birində
Mustafa Kemal Beyazbayram və ailəsi tədbirlərdən birində

Bir də onu gördüm ki, artıq burada 7-dən 77-yə hər kəs çöldə gəzəndə o müzəffər ordunun, qəhrəman Vətən övladlarının hissiyatı ilə hərəkət edir. Artıq o nisgildən əsər-əlamət qalmayıb. Azərbaycan insanı artıq bu qələbədən güc alaraq əmin addımlarla irəliləyir. Eyni əminlik və qüruru dövlət adamlarında da, məmurlarda da hiss etdim. Artıq Azərbaycan yetkililəri masa arxasında oturarkən qarşı tərəfə – fərq etmir bu Rusiya, yaxud İran, yaxud Avropa təmsilçiləri olsun – lazım olan cavabı verir. Bax bu, o dönəmki Azərbaycan vətəndaşları ilə bu dönəmki Azərbaycan vətəndaşları arasında gördüyüm ən böyük psixoloji fərqdir. Ümumilikdə isə bu gün Azərbaycan Qafqazın iqtisadi, siyasi və hərbi baxımdan liderinə çevrilib.

Bu dəfə bizə o müqəddəs torpaqları görmək qismət olmadı

-Bəs bu müddət ərzində Azərbaycanla bağlı hansı arzunuz reallaşmadı? Yəni hansı məqam var ki, onu etmək istəsəniz də edə bilmədiniz?

-Təəssüflər olsun ki, işğaldan azad edilmiş torpaqları, xüsusilə də Şuşanı görə bilmədim. Bunun da bizdən asılı olmayan səbəbləri var. Bilirsiniz ki, KKTC beynəlxalq birlik tərəfindən rəsmən tanınmayıb. Ona görə də xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərində bizi götürmədilər. Əlbəttə, bunu anlayışla qarşılayıram. Amma dediyim kimi, həm də bir üzüntü keçirirəm. Könül istərdi ki, mən də o müqəddəs yerlərə gedib o gözəl, cənnət Şuşanın havasını udub Azərbaycanın igid övladlarının misilsiz qəhrəmanığı sayəsində işğaldan azad edilmiş o torpaqlarda gəzə biləydim. Lakin olmadı. O yerlərə hələ turist səfərləri də təşkil edilmədiyi üçün özüm də sərbəst olaraq gedə bilmədim. Əgər turist səfərləri olsaydı böyük məminiyyətlə həyat yoldaşımı da, əkiz qızlarımı da ora aparar, türklüyün zəfər dastanının yazıldığı müqəddəs torpaqları onlara da göstərərdim. Amma olmadı. Bu dəfə biz yalnız o yerləri görüb gələnlərin danışdıqlarını dinləməklə təsəlli tapa bilirik. Bu dəfə bizə o müqəddəs torpaqları görmək qismət olmadı. Amma ümid edirəm ki, gələn il, inşallah, Azərbaycana qonaq kimi gələndə o yerlərə də gedə biləcəyik.

Bu qərar bir an öncə qəbul olunmalıdır

-Bəllidir ki, KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbulu gündəmdir. Biz də arzu edirik ki, bu, tezliklə reallaşsın və siz TDT-nin üzvü olan KKTC diplomatı kimi gələn il Şuşaya səfər edə biləsiniz…

-Təşəkkür edirəm. İnşallah, dediyiniz kimi olar. Çünki biz KKTC olaraq İqtisadi Əməkdaşlıq Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi üzv kimi təmsil olunuruq. Bu iki təşkilatda Azərbaycan da üzvdür. TDT-yə də tez bir zamanda müşahidəçi üzv olmağımız vacibdir. Çünki zatən yuxarıda bəhs etdiyim iki təşkilatda təmsil olunan ölkələr arasında TDT üzvləri da var. Yəni onlar düz iki dəfə KKTC-nin iki beynəlxalq quruma müşahidəçi üzv olmasına səs verib və bizimlə bu təşkilatlarda əməkdaşlıq edirlər.

Mustafa Kemal Beyazbayram və Nadir Azəri
Mustafa Kemal Beyazbayram və Nadir Azəri

Deməli, bu ölkələr üçün TDT daxilində eyni qərarı vermək heç də çətin olmayacaq. Ona görə də bir an öncə KKTC-nin TDT-yə müşahidəçi üzv qəbul edilməsinə dair qərar qəbul olunmalıdır. İnşallah, bu qərar qəbul edildikdən sonra TDT-nin müşahidəçi üzvü kimi KKTC-nin nümayəndə heyəti də tədbrilərin hamısında iştirak edəcək. O cümlədən işğaldan azad edilmiş Azərbaycan torpaqlarında və təbii ki, Şuşada keçiriləcək tədbirlərdə də iştirak edərək o cənnət məkanı görə biləcəklər. Ümid və arzu edirəm ki, mən də o heyətlərin içərisində bu müqəddəs torpaqları ziyarət edə biləcəyəm.

KKTC-yə dönəndə bu layihələr camadanımda olacaq – 2

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.