Bayraqdar.info – İyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
Bu barədə bayraqdar.info-ya iyulun 14-də Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 9-da Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Şəki şəhər Uşaq İncəsənəti Məktəbinin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblının konserti olub: “Konsertdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları və musiqisevərlər iştirak ediblər”.
Məlumata əsasən, həmin gun axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub: “Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.
Günün sonunda “Zirvə” instrumental ansambılına və Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər icra hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyələr təqdim olunub.