Press "Enter" to skip to content

Deputat: Türk dövlətlərinin istehsalı təmərküzləşməlidir

Vüqar Bayramov

Son yeniləmə: 14 İyul 2022 18:17

Vüqar Bayramov: Türk dövlətləri arasında istehsalın təmərküzləşməsi müsbət nəticə verə bilər

Bayraqdar.info – “İstehsalın təmərküzləşməsi praktikası bir sıra ölkələrdə var. Nəzərə alaq ki, bu zaman xüsusən də hər hansı birlikdə və ya ittifaqda olan ölkələr müəyyən istehsal sahələrinin təmərküzləşməsini həyata keçirə bilirlər”.

Bunu bayraqdar.info-nun sualını cavablandırarkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Dünyada gözlənilən qlobal iqtisadi böhrandan daha az zərərlə çıxmaq üçün Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında istehsalın təmərküzləşməsi istiqamətində hər hansı addım atıla bilərmi” sualına cavabında millət vəkili bildirib ki, ümumiyyətlə iqtisadiyyat liberaldır və eyni zamanda sahibkarlar özləri hansı istehsalı seçməkdə sərbəstdirlər: “Bununla belə, təmərküzləşmə təşviq yolu ilə mümükündür. Məsələn, bəzi ölkələr xüsusi ərzaq məhsullarının istehsalına təşviq etmək və bu istehsal üzrə təmərküzləşmə üçün məhz həmin məhsulların istehsalı üzrə güzəştlər müəyyən edirlər. Ona görə xüsusən də Azərbaycan kontekstində, həmçinin qlobal ərzaq qıtlığının getdikcə daha da dərinləşməsi kontekstində daha məqsədəuyğun və real yol türk dövlətləri arasında istehsalın təmərküzləşməsi ola bilər. Yəni müəyyən istehsal sahələri üzrə müqayisəli üstünlüyə malik olmaqla bağlı danışıqların aparılması, türk dövlətlərinin həm də istehsal baxımından bir-birinə dəstək olmasına nail olunması vacibdir”.

“Düşünürəm ki, belə bir əlaqələndirmə və xüsusən də ərzaq istehsalı ilə bağlı ümumi, vahid bir yanaşmanın həyata keçirilməsi türk dövlətlərində ərzaq qıtlığının, istehlak bazarlarında tarazlığın pozlumasının baş verməməsinə kömək ola bilər”, – deyə V.Bayramov sonda bildirib.

Mission News Theme by Compete Themes.