Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Yasamal rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və MEK-in birgə tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə bayraqdar.info-ya MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə MEK-də Ulu Öndərin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər: “Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu il görkəmli siyasətçi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53 ili tamam olur. 14 iyul 1969-cu il Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edir. Bəxtiyar Nəbiyev məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi ildən Azərbaycanın sosial – iqtisadi həyatında inkişafın bünövrəsinin qoyulduğunu, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərin Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdüyünü qeyd edib”.
Daha sonra millət vəkiləri Elnur Allahverdiyev və Jalə Əhmədova, həmçinin Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış ediblər.
Tədbirdə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir.
Baş direktor onu da vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib.
M.Əliyev möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük müharibənin elə bu siyasətin nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə YAP Yasamal rayon təşkilatı tərəfindən Ulu Öndərin həyatını və zəngin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri öyrənmək və gələcək nəsillərə ötürməkdə qiymətli mənbə olan nəşrlərdən ibarət sərgiyə baxış keçirib.