Son yeniləmə: 14 İyul 2022 10:00
Dr. Yücel Karauz: TDT-nin sülhməramlı missiyasının yaradılması üçün bir an öncə hərəkətə keçilməlidir
Bayraqdar.info – “Ukrayna-Rusiya savaşı, həmçinin NATO-nun Madrid zirvəsi ilə bərabər dünya 20-25 il davam edəcək, böhran və təhlükəsizlik problemlərinin ön planda olduğu, ölkələrin ərazi bütövlüyünün dəyişdirilməyə çalışıldığı, bu kontekstdə daxili gərginliklərin, imperialist dövlətlərin kiçik ölkələri maşa kimi istifadə edə biləcəkləri bir dönəmə girib”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, hazırda siyasi ittifaqlar olan hər bir beynəlxalq və regional qurumun siyasi, iqtisadi, mədəni əlaqələrini inkişaf etdirməklə yanaşı, orada təmsil olunan ölkələrin müdafiəsinin təmin edilməsi və müdafiə sənayesi ehtiyaclarının ödənilməsi üçün müvafiq addımların atılması, o cümlədən sülhməramlı qüvvələrin yaradılması bir reallıqdır: “NATO-nun çevik reaksiya qüvvələrinin mövcudluğu, Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək üçün Avropa Silahlı Qüvvələrini yaratmaq təşəbbüsü bəllidir”.
Türkiyəli general deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) da bu prosesdən kənarda qalmamalı, vaxtında və çevik addım atmalıdır: “Naxçıvan anlaşması ilə başlayan və 2021-ci il İstanbul zirvəsi ilə yeni dönəmə qədəm qoyan türk dövlətlərinin inteqrasiyası ötən hər gün daha da dərinləşir. İstanbul zirvəsində Türk Keneşinin Türk Dövlətləri Təşkilatı adlandırılmasına dair qərar yeni mərhələnin əsasını qoydu. Yeni dönəmdə qlobal və regional səviyyədə baş verə biləcək bütün hadisələrə, fövqəladə proseslərə hazır olmaq, çevik reaksiya vermək TDT üçün həyati əhəmiyyət kəsb edir. Xüsusilə də Qazaxıstanda yaşanan olaylar, Rusiya-Ukrayna müharibəsi, türk dövlətləri arasındakı sərhədlərdə mövcud olan bəzi problemlər, nəhayət son olaraq Özbəkistanda cərəyan edən məlum proseslərdən sonra TDT-nin artıq sülh üçün ortaqlıq mərkəzi və yaxud sülhməramlı qüvvə yaratması reallıqdır. Əvvəllər də qeyd etdiyimiz kimi, belə bir qüvvənin yaradılması kimsəni narahat etməməlidir. Yəni TDT-nin sülhməramlı qüvvəsi tamamilə sülhsevər missiyaya xidmət edən bir birləşmə ola bilər. Bu qüvvənin formalaşdırılmasında yeganə məqsəd TDT daxilində baş verə biləcək hansısa xoşagəlməz situasiyalarda lazım gələndə sülhyaratma missiyası kimi iştirak etməkdir”.
Müsahibimiz deyib ki, belə bir qüvvənin yaradılmasında əsasə güc Şuşa Bəyannaməsinin imzalanması ilə yeni əməkdaşlıq dönəminə daxil olan Türkiyə və Azərbaycanın üzərinə düşəcək: “Bu iki ölkənin mərkəzində dayandığı və əsas təşəbbüskar olacağı TDT-nin sülhməramlı missiyasının yaradılması üçün bir an öncə hərəkətə keçilməldir. Çünki qarşıdakı 20-25 illik bir dönəmdə cərəyan edəcək proseslərə hazır olmaq üçün bu qüvvəyə çox böyük ehtiyacımız olacaq. Əgər vaxtında tədbir görməsək, psixoloji və mənəvi təzyiqlərə baş əysək, bunun bədəlini ağır ödəyə bilərik. Bir sözlə, bu qüvvənin və yaxud mərkəzin yaradılması vacibdir”.