Son yeniləmə: 13 İyul 2022 09:51
Azadə Hüseynova: Dövlət Turizm Agentliyi olaraq, məqsədimiz bu dəyərləri qorumaqla Şəkiyə daha çox turist cəlb etməkdir
Bayraqdar.info – “Şəki əvvəllər təkcə özümüz üçün dəyərli idi. Ümumdünya irsi ərazisi olduğundan artıq dünya üçün də dəyərlidir”.
Bunu Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib.
İyulun 7-də Şəkidə keçirilən “Şəhər Günü” bayram tədbiri çərçivəsində media təmsilçilərinə açıqlamasında A.Hüseynova bildirib ki, Şəkini dəyərli edən onun orta əsr şəhər memarlığına məxsus xüsusiyyətləridir: “Şəki kirəmitli damları, tacir evləri, sənətkarlığı, mətbəxi, pitisi ilə dəyərlidir. Dövlət Turizm Agentliyi olaraq məqsədimiz bu dəyərləri qorumaqla Şəkiyə daha çox turist cəlb etməkdir”.
Sədr müavini UNESCO-nun Ümumdünya İrs Siyahısına üzv olan Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə cavab verən onlarla abidənin olduğunu deyib. O, bildirib ki, Agentliyin təşəbbüsü ilə Şəkinin Milli Tarix-Memarlıq Qoruğunun ərazisində olan daha 58 abidə dövlət mühafizəsinə götürülüb: “Hazırda Qoruğun ərazisindəki bir neçə tarixi binanın təmir-bərpası həyata keçirilir. Qala divarlarının içərisindəki muzeylər bərpa olunur və daxili tərtibatı müasir tələblərə uyğun yenilənir”.