Son yeniləmə: 13 İyul 2022 09:16
Emin Həsənli: Bu qurumun üzvləri qurbanlarını Qarabağda kəsdilər, şəhid ailələri və qazilərlə görüşdülər
Bayraqdar.info – “Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da xoş əhval-ruhiyyə ilə qeyd edildi. Qardaş Türkiyənin müxtəlif qeyri-hökumət təşkilatları, o cümlədən Milliyyətçi Həkimlər Dərnəyi qurbanlarını Qarabağda kəsdi”.
Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının rəhbəri Emin Həsənli deyib.
Onun sözlərinə görə, artıq 5 ildir ki, qardaş Türkiyənin müxtəlif təşkilatları, o cümlədən Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri qurbanlarını Qarabağda kəsirlər: “Bu il də ənənəyə sadiq qalındı. Dərnəyin üzvləri qurbanlıqlarını yenə Qarabağda kəsdilər. Onlar bu işi “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi ilə birlikdə həyata keçirirlər. Bu il əsasən Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli rayonlarında şəhid ailələri, qazilər, hərbçilər, aztəminatlı ailələr və kimsəsiz insanlara Qurban payı paylanıldı”.
E.Həsənli deyib ki, Dərnəyin təmsilçiləri adı çəkilən rayonlarda olaraq müqəddəs Qurban bayramı münasibətilə sakinləri təbrik etdi, bayramı Qarabağda keçirməkdən məmnunluqlarını bildirdilər: “Onu da deyim ki, Türkiyənin müxtəlif təşkilatları, o cümlədən Milliyyətçi Həkimlər Dərnəyi müharibə zamanı da Azərbaycana mənəvi dəstək göstərib. Bu il onlar işğaldan azad edilmiş torpaqları da ziyarət etdilər. Türk həkimləri torpaqları öpərək dua etdilər. Azərbaycan ordusunun qəhrəmanlığı haqqında xoş fikirlərini bildirdilər. Məsələn, Dərnəyin üzvü Ömer Akber Uysal Azərbaycana 2017-ci ildən başlayaraq səfərlər etdiklərini bildirərək, Qarabağda olarkən özlərini qürbətdə hiss etmədiklərini və İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olmaqdan qürur duyduqlarını dedi. O, qeyd etdi ki, Azərbaycan-Türkiyə dostluğunun daha da artması üçün “Bir millət – iki dövlət” şüarı ilə çalışırlar. Ö.Akber həmçinin “Qarabağ müharibəsində şəhid olanların ailələrini yad etmək bizim borcumuzdur”, – dedi”.
Onu da qeyd edək ki, bayram çərçivəsində şəhid və qazi ailələri də ziyarət olunub. Ziyarətlər zamanı E.Həsənli Türkiyə-Azərbaycan qardaşlığının ulu öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürkün prinsiplərinə uyğun olaraq inkişaf etdiyini bildirib. Eyni zamanda o, 44 günlük Vətən müharibəsində Cümhurbaşqanı Recep Tayyip Erdoğan başda olmaqla 84 milyonluq qardaş Türkiyənin yanımızda olduğunu bəyan edib. Qeyd edilib ki, ötən il imzalanan Şuşa Bəyannaməsi ilə əlaqələrimiz yeni müstəviyə qədəm qoyub.
Məlumata əsasən E.Həsənli görüşlərdə onu da deyib ki, müharibə zamanı Türkiyənin müxtəlif təşkilatları ilə yanaşı Milliyyətçi Həkimlər Dərnəyi də Azərbaycanın haqq işini müdafiə edirdi: “Onlar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmişdi ki, Azərbaycan Ordusunun tərkibində döyüşməyə, hər cür dəstək göstərməyə hazırdırlar. Azərbaycan dövləti özü torpaqlarını azad etdi. Ancaq bu mənəvi dəstəyi heç vaxt unutmayacağıq”.