Press "Enter" to skip to content

Köhnə, yeni Şəkidə iki gün

Şəkinin qala divarları

Son yeniləmə: 14 İyul 2022 11:11

Bu qədim diyarda keçirilən “Şəhər Günü” yerli və xarici turistlər üçün maraqlı anlarla yadda qaldı

Bayraqdar.info – Dövlət Turizm Agentliyinin iyulun 7-8-də Şəkiyə səfərlə bağlı dəvəti bizi çox məmnun etdi. Bu məmnunluğun isə bir yox, bir neçə səbəbi vardı.

Əvvəla, dəvət Şəkidə keçiriləcək “Şəhər Günü” ilə bağlı idi. Yəni dəvət zamanı da bildirildiyi kimi “Şəhər Günü” ilə bağlı olduqca rəngarəng proqram təşkil edilmişdi. Bu da Şəkidə gözəl vaxt keçirəcəyimizdən xəbər verirdi.

İkincisi, “Şəhər Günü” ilə yanaşı həmin günlər Şəkidə digər maraqlı tədbirlər də keçiriləcəkdi ki, bu da yazı baxımından səfərin məhsuldar olacağına işarə edirdi.

Nəhayət, Qurban bayramı ərəfəsində Bakının səs-küylü mühitindən ayrılıb iki gün ərzində qədim mədəniyyətə malik, həmçinin ölkənin turizm məkanlarından olan Şəkidə olmağın bir başqa dəyəri vardı.

Bu məqamda onu bildirməyi özümüzə borc bilirik ki, bu, Şəkiyə ilk səfərimiz deyidi.

Hər yay üz tutduğumuz məkan

Şəki mənim doğulub boya-başa çatdığım Yevlaxa yaxın olduğu üçün bu diyarla ilk tanışlığım hələ 10 yaşımda olub. Həmin vaxt Şəkidə, Kiş çayının sahilində məktəblilər üçün yay düşərgəsi salınmışdı. Bizim yaxın qohumlardan biri o düşərgədə fəaliyyət göstərirdi. Biz də həftə sonu həm onunla görüşmək, həm də Yevlaxda da hər kəsin dillər əzbəri olan Şəki Xan Sarayını görmək üçün bu gözəl diyara gedərdik.

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Ondan sonra da Şəkiyə dəfələrlə yolum düşdü. Orta məktəbdə oxuyarkən bizim 7 saylı orta məktəbin gözəl bir ənənəsi vardı. Hər il mayın sonunda, “Son zəng”dən sonrakı ilk həftədə hörmətli direktorumuz Raquf Mirzəyevin rəhbərliyi ilə Şəkiyə gedər, orada gözəl bir gün keçirərdik.

Təkcə xoş günlərdə deyil, hüznlü günlərdə də…

Onu da deyim ki, Şəkidə təkcə xoş günlərdə deyil, hüznlü günlərdə də olmuşuq. Rəhmətlik Aydın Məmmədov avtomobil qəzasına düşərək həlak olduğu gün Yevlaxdan bir heyətlə dərhal Şəkiyə yola düşmüş, onun dəfnində iştirak etmişdik. Eyni zamanda həmin vaxt məktəbimizdə şagirdlərin təşəbbüsü və məktəb rəhbərliyinin dəstəyi ilə mərhumun 7-si günü avtobus tutub Şəkiyə, yas mərasiminə getmişdik.

“Yuxarı Karvansaray” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti
“Yuxarı Karvansaray” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti

Daha sonra ali məktəbdə oxuduğum illərdə tələbə kimi, sonra iş fəaliyyətimlə əlaqədər bir neçə dəfə tək, həmçinin Oğuzdan olan dəyərli tələbə yoldaşım Ehtiram Əhmədovgildə qonaq qalarkən iki ailə olaraq Şəkiyə səyahət etmişdik.

Yuxarıda rəhmətlik Aydın Məmmədovun adını çəkdim. Amma məni Şəkiyə bağlayan təkcə Aydın Məmmədova olan sevgim deyil, həm də 1990-cı ildə Qubada təşkil edilən “Qırmızı qərənfil” yay düşərgəsində çadır yoldaşımın məhz şəkili balası Tərlan olması, nəhayət, uzun illər dostluq etdiyim, hansı vəzifədə olmasına baxmayaraq dostluğa sədaqəti və sadəliyi ilə fərqlənən dəyərli millət vəkili Vüqar İskəndərovla bağlıdır.

Şəki bizi günəşli hava və şən musiqi ilə qarşıladı

Beləliklə, iyulun 7-də səhər saat 05:30-da bizi Bakıdan götürən avtobus saat 10:40-da artıq Şəkidə idi. Qonaqpərvər Şəki bizi günəşli hava və şən musiqi ilə qarşıladı. Əvvəlcədən müəyyən edilmiş vaxtda, saat 11:00-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbiri başladı. “Şəhər Günü”nün rəsmi açılış mərasimi Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda oldu.

Şən və gülərüz şəkililər
Şən və gülərüz şəkililər

Tədbirin açılışında çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Azərbaycan tarixini, mədəniyyətini və mədəni irsini qoruyub saxlayan unikal bir yer olduğunu, bu növ tədbirlərin şəhərin qeyri-maddi irsinin tanıdılmasına dəstək göstərdiyini və şəhərin turizm potensialının inkişafında mühüm rol oynadığını bildirdi. O, son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində böyük işlərin görüldüyünü dedi.

Elxan Usubov
Elxan Usubov

E.Usubov “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının Azərbaycanın və Şəki şəhərinin mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırdı: “Xatırladım ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimetmə mərasimi 2021-ci il iyulun 7-də keçirildiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd edilməsi qərarlaşdırılıb”.

Özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirdi. O, qeyd etdi ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə var.

Şəkili ustaların əl işləri
Şəkili ustaların əl işləri

Sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğuladı.

Azadə Hüseynova
Azadə Hüseynova

A.Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının nəzərdə tutulduğunu qeyd etdi.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında Azərbaycanda mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından danışdı. Millət vəkili Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini mühüm əhəmiyyətə malik olduğunu, bunun uzun və çətin yol nəticəsində baş verdiyini bildirdi. O, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd etdi.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış etdi.

Dövlət Sərhəd Xidmətinin hərbi orkestri
Dövlət Sərhəd Xidmətinin hərbi orkestri

“Qala divarları”nın daxilində sərgi-satış yarmarkası

Bayram tədbiri qədim “Qala divarları”nın içərisində sərgi-satış yarmarkası ilə davam etdirildi. Burada “Şəhər Günü” tədbirləri çərçivəsində qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satışı keçirildi. Eyni zamanda, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş olundu, konsert proqramı təşkil edildi, həmçinin yerli rəssamların əl işləri nümayiş etdirildi.

Tədbir zamanı
Tədbir zamanı

Qeyd edək ki, burada məhsullarını sərgiləyən bir neçə nəfərlə görüşüb, bayraqdar.info üçün özəl açılqma almağa da nail olduq.

Açıqlamalara keçməzdən öncə vurğulayaq ki, təşkilatçılar tədbirin yerli və xarici turistlərin ürəyincə olması üçün gözəl proqram və tərtibat düşünmüşdülər. Xan Sarayının ətrafında qurulan türk çadırları, müxtəlif musiqi qruplarının çıxışları, idmançıların və pəhləvanlaırn öz bacarıqlarını nümayiş etdirmələri tədbirə bir başqa rəng qatmışdı.

Soltan İsmayılov: 1978-ci ildən bu sənətlə məşğul oluram

İlk həmsöhbət olduğumuz şəbəkə ustası Soltan İsmayılov dedi ki, 1978-ci ildən bu sənətlə məşğul olur: “Usta Əşrəfin yetirməsiyəm. Əl işlərimizə istər yerli, istərsə də xarici turistlər maraq göstərir.

Solan İsmayılov
Soltan İsmayılov

Hətta xarici turistlər qrup halında gəlirlər və onlara ustad dərsi keçir, şəbəkə sənətinin tarixi haqqında məlumat veririk”.

Həmsöhbətimiz bildirdi ki, satışa çıxardığı şəbəkə əl işinin ən ucuzu 35 manat, ən bahalısı isə 200 manatdır.

Pərvanə Həsənova: Zavodumuzda şərab muzeyi də olacaq

Digər həmsöhbətimiz Pərvanə Həsənova isə şərab məhsullarını sərgiləyirdi. Şəki Şərab Zavodunu təmsil edən P.Həsənova “Biz bu gün öz şərablarımızı satış-sərgiyə çıxarmışıq. Bizim şərablar təbiidir və qatqısızdır. Avadanlıqlar müasirdir. Bu da daha keyfiyyətli şərab istehsalına imkan verir” dedi.

Pərvanə Həsənova və zavodun digər əməkdaşları
Pərvanə Həsənova və zavodun digər əməkdaşları

O da qeyd edildi ki, hazırda zavodda təmir işləri gedir: “Zavodumuzda şərab muzeyi də olacaq. Gözəl kafemiz olacaq. Turistlər həm zavodun şərab muzeyində istehsal tarixi barədə məlumat əldə edəcək, həm də o kafedə Şəkinin özünəməxsus təamlarını sifariş edib yeyə biləcək və təbii ki, şərablarımız da müştərilərə yemək zamanı təklif oluncaq”.

Vəfa Mustafayeva: Azərbaycanda keçə sənəti üzərində ilkə imza atmışıq

Vəfa Mustafayeva isə bacısı ilə birlikdə təkəlduz tikmə sənəti və keçə sənəti ilə məşğul olur: “Təkəlduz tikməsi ilə 20 ilə yaxındır məşğuluq. Amma keçə sənəti ilə pandemiya dövründən məşğul olmağa başlamışıq. Azərbaycanda keçə sənəti üzərində ilkə imza atmışıq; keçə sənəti üzərində təkəlduz tikməsini sintez etmişik. Keçə sənəti Qarabağ, Şəki və Naxçıvan zonasına aiddir. Biz də sənətkar olaraq çalışırıq ki, bu sənətə bir həyat verək.

Vəfa Mustafayeva
Vəfa Mustafayeva

Bildirildi ki, keçə sənətinin tarixi eramızdan əvvələ gedib çıxır: “Bu elə bir sənətdir ki, onun üzərinə mütləq bir fəlsəfə fikriləşib işləmək lazımıdr. Biz də fikirləşdik və qərara gəldik ki, Qobustan naxışları vuraq. Çünki Qobustan da eramızdan əvvələ gedib çıxır və bizim tariximizdir. Turistlərin çox marağı var. Alırlar. Təkəlduz sənətini satırıq. Amma keçə sənətini satmırıq”.

Bir-birini əvəz edən rəngarəng tədbirlər

Ümumiyyətlə, iyulun 7-də Şəkidə bir-birini əvəz edən rəngarəng tədbirlərin şahidi olduq. “Marxal” kompleksində Qida Festivalı keçirildi. Festival Avropa Birliyi tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən icra olunan layihə çərçivəsində təşkil olunmuşdu.

Şəki xanı qonaqları qəbul edir
Şəki xanı qonaqları qəbul edir

Daha sonra Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 7-də axşam saatlarında “Yuxarı Karvansara” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti oldu. Konsertdə şəhər icra hakimiyyətinin, festivalın təşkilatçı qurumlarının rəsmiləri, tədbirə dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak edirdilər.

Mudiqi kollektivinin çıxışı
Mudiqi kollektivinin çıxışı

Həmin gün axşam isə Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başladı. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirdilər.

Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılışı
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılışı

Festival çərçivəsində iyulun 8-də günorta saatlarında Şəki şəhər Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının konserti oldu.

Görüləsi işlər də var

Sonda bu gözəl tədbirdə iştirakımıza şərait yaradıldığı və jurnalistlər üçün maraqlı səfər proqramı təşkil edildiyi üçün Dövlət Turizm Agentliyinin rəhbərliyinə minnətdarlıq etməyi özümüzə borc bilirik.

Yerli sakinlər və qonaqlar maraqlı anlar yaşadı
Yerli sakinlər və qonaqlar maraqlı anlar yaşadı

Amma təkcə bunu deyil, Şəkidə turizmin daha da çox inkişafı üçün atılmalı olan digər addımlarla bağlı fikirlərimizi də qeyd etməyi lazım bilirik.

Türk çadırları qonaqları qəbul etməyə hazırdır
Türk çadırları qonaqları qəbul etməyə hazırdır

Əvvəla, hesab edirik ki, xarici turistlərin Şəkiyə cəlb edilməsi üçün proqramlar daha da zənginləşdirilməldir. Məsələn, elə etmək lazımdır ki, gələn turist Şəkidə 1-2 gün deyil, 4-5 gün qalmağa həvəs göstərsin. Bunun üçün isə təkcə gündüzlər deyil, gecələr də mədəni proqramlar təşkil edilməldir. Deyək ki, turist hava qaralan kimi otağına girmək məcburiyyətində qalmamalı, gecə konsertlərinə getmək imkanı əldə etməlidir.

Türk çadırları qonaqları qəbul etməyə hazırdır
Millət vəkili Vüqar İskəndərov media təmsilçiləri ilə söhbət zamanı

Digər məqam Şəkinin malik olduğu mədəni, maddi nümunələrin daha dərindən tanıdılması ilə bağlıdır. Məsələn, xarici turist Şəki ipəyinin necə bir dəyərə malik olduğunu bilməli, yaxud yalnız Şəkiyə xas mətbəx barədə daha çox bilgiləndirilməlidir. Deyək ki, gələcəkdə Şəki ipəyinin Şuşaya gələcək turistlərə də təqdim ediməsi üçün addımlar atıla, məsələn, Şəki-Qarabağ turizm zolağı yaradıla bilər.

Yeri gəlmişkən, Şəkidə olduğumuz vaxt jurnalistlərlə çay süfrəsi arxasında səmimi söhbəti zamanı millət vəkili Vüqar İskəndərov da bu məqamla razılaşdığını bildirdi.

Bizim də Şəki xanı ilə bir şəklimiz olsun
Bizim də Şəki xanı ilə bir şəklimiz olsun
Mission News Theme by Compete Themes.