Son yeniləmə: 13 İyul 2022 10:26
İlham Məmmədov: Vahid əlaqələndirmə mərkəzlərində 1 il ərzində şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmət göstərilməsi də bunun bariz nümunəsidir
Bayraqdar.info – “Məlum olduğu kimi, şəhid ailələrinin üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlilləri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün davamlı addımlar atılır”.
Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, dövlət başçısı sözügedən kateqoriyadan olan insanların problemlərinin həlli, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması üçün davamlı olaraq fərman və sərəncamlar imzalayır: “Elə dövlət başçısının təxminən bir il öncə, 2021-ci il 25 iyun tarixində imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman da sözügedən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqətin və qayğının davamı idi. Bildiyiniz kimi, həmin Fərmanla vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiq edildi. Eyni zamanda, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq olundu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olundu. Sənədə əsasən, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməli idi ki, ötən bir il ərzində də bu istiqamətdə mühüm addımlar atılıb. Belə ki, bu xidmətlər birbaşa (yerində), çağrı mərkəzi vasitəsilə və səyyar formada təşkil edilib. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçirilib. Bu isə yuxarıda bəhs edilən kateqoriyadan olanlara göstərilən xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin edib”.
İ.Məmmədov bildirib ki, vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasından keçən 1 il ərzində bu mərkəzlərdə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmət göstərilib: “Qeyd edim ki, vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir. Onlara 40-dək qurum üzrə 26 istiqamətdə xidmətlər bir pəncərədən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Həmin qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyəti orqanları daxildir. 2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki (Gəncə, Masallı, Ucar, Şəmkir, Qusar, Salyan) filiallarında 11 vahid əlaqələndirmə mərkəzi açılıb”.