Son yeniləmə: 13 İyul 2022 18:21
Elxan Şahinoğlu: Terrorçuların və onlara dəstək verənlərin cəhdlərinə baxmayaraq Türkiyəyə böyük təhlükə yarada bilməyəcəklər
Bayraqdar.info – “Vaxtı ilə PKK terror təşkilatının yaranmasında da xarici mərkəzlər, Türkiyəni zəiflətmək istəyən dövlətlər və kəşfiyyat qrupları yer almışdı. Daha sonra həmin dövlətlər Türkiyəni zəiflətmək üçün PKK-dan istifadə etməyə başladılar. Bu sırada əvvəl SSRİ, sonra Rusiya, həmçinin Yunanıstan, Fransa, Almaniya və ABŞ var”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Siyasi təhlilçi qeyd edib ki, indi də eyni siyasət davam edir: “Həmin güclər və üstəlik də Bəşər Əsəd rejimi PKK/PYD-dən Türkiyəyə qarşı istifadə etməyə çalışır. ABŞ bu terror təşkilatına birbaşa yardım edir. Bəşər Əsədin siyasi təmasları var. Rusiya da gizli yollarla dəstək verir”.
E.Şahinoğlu deyib ki, bütün bunlar əbəsdir: “Çünki Türkiyə əvvəlki Türkiyə deyil. Türkiyə artıq güclü bir dövlətdir. Türkiyənin güclü ordusu, güclü kəçfiyyat sistemi var. Türkiyə Suriyada PKK-ya qarşı bir neçə hərbi əməliyyat keçirib. Eyni zamanda növbəti hərbi əməliyyat yaxın müddətdə həyata keçiriləcək ki, PKK təhlükəsi Türkiyə sərhədlərindən uzaqlaşdırılsın. Yəni nə qədər böyük güclər, böyük dövlətlər PKK və onun törəmə təşkilatlarından Türkiyəyə qarşı istifadə etməyə çalışsalar da qardaş ölkə öz tədbirlərini görür. Türkiyə ordusu və hərbi texnikası xeyli modernləşib. Bir sözlə, terrorçuların və onlara dəstək verənlərin cəhdlərinə baxmayaraq Türkiyəyə böyük təhlükə yarada bilməyəcəklər”.