Press "Enter" to skip to content

Şəkidə bayram bayrama qarışıb

Festivalın açılış mərasimi

Son yeniləmə: 8 İyul 2022 07:44

Bayraqdar.info – İyulun 7-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.

Festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirildi.

Açılış mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırdı: “Təəssüf ki, pandemiya səbəbindən biz iki il bu festivalı keçirə bilmədik. Şükürlər olsun ki, hər şey arxada qaldı. Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə halını alan “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalını bu il yenidən qeyd edirik. Həmişə olduğu kimi bu il də festivalda tanınmış musiqi kollektivləri iştirak edirlər. Şəhərimizin sakinləri və qonaqlar yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar”.

E.Usubov bildirdi ki, “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılışı əlamətdar bir hadisə ilə başlayıb. İyulun 7-də Şəki sakinləri böyük təntənə ilə “Şəhər Günü”nü bayram ediblər.

Festivalın açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış etdi. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, dünya xalqlarının mahnı və rəqsləri ifa olundu.

Festival çərçivəsində iyulun 8-də günorta saatlarında Şəki şəhər Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının konserti olacaq.

Mission News Theme by Compete Themes.