Press "Enter" to skip to content

İşğalçı Ermənistanın yanında olan İran bir daha özünü ifşa etdi

Mahmud Bilgin

Son yeniləmə: 8 İyul 2022 10:02

Mahmud Bilgin: Hazırda Güneydə elə bir ailə yoxdur ki, içində “Mən Azərbaycanlıyam, mən türkəm” deyən olmasın

Bayraqdar.info – “Güney Azərbaycanda milli azadlıq hərəkatı hər zaman olub və bu gün də var. Sadəcə olaraq hazırda Güneydə milli oyanış daha da dərinləşib və daha geniş kəsimi əhatə edir. Bunun isə iki mühüm səbəbi var”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü, hazırda İsveçdə yaşayan Mahmud Bilgin deyib.

İran bununla bir daha özünü ifşa etdi

Onun sözlərinə görə, Güneydə milli oyanışın daha da dərinləşməsinin bir səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdir: “Bu tarixi Zəfər Güney Azərbaycan Milli Hərəkatı üçün də böyük şərəf və qürur mənbəyi oldu. Daha doğrusu, 44 günlük Vətən savaşı Güney Azərbaycanda milli oyanışı daha da gücləndirdi. Güney Azərbaycanda qürur yaratmaqla yanaşı, bir qığılcım rolunu oynadı, bizim gücümüzə güc qatdı. Beləliklə, Güney Azərbaycan milli hərəkatı da daha qəti addımlar atmağa başladı. 44 günlük Vətən savaşı zamanı bizim qəhrəman millətçilərimiz Tehranda, Təbrizdə, Ərdəbildə, Urmiyada ayağa qalxdılar. Milli fəallarımız Ermənistana dəstək verən İran rejiminə meydan oxudular, hətta Araz çayı sahilinə toplaşaraq Azərbaycan Respublikasının müzəffər ordusunun hərbi əməliyyatlarına həmrəylik nümayiş etdirdilər. Onu da deyim ki, bu müahribə zamanı işğalçı Ermənistanın yanında olan İran bununla bir daha özünü ifşa etdi”.

Mövcud rejim dövləti idarə edə, problemləri aradan qaldıra bilmir

M.Bilgin deyib ki, milli oyanışı dərinləşdirən digər məqam İran rejiminin mövcud durumudur: “İranda və xaricdə belə bir fikir formalaşıb ki, artıq bu ölkədə rejim dəyişikliyi yetişib. Çünki mövcud rejim dövləti idarə edə, problemləri aradan qaldıra bilmir. İran hazırda siyasi və iqtisadi sahədə böyük böhran keçirir. Bu əsasda biz görürük ki, farslar daxilində artıq siyasi alternativlər barəsində danışılmağa başlanılıb”.

Fars-molla rejimi bütün sahələrdə xalıqmıza təzyiqlər edir

Müsahibimiz bildirib ki, bütün bunlar öz təsirini Güney Azərbaycanda da göstərir: “Güney Azərbaycanda oyanış mərhələsi çox ciddi irəliləməkdədir. Hazırda Güneydə ailə yoxdur ki, içində “mən Azərbaycanlıyam, mən türkəm” deyən olmasın. İrandakı milli ayrı-seçkilik qabarıq şəkildə özünü göstərir. Fars-molla rejimi bütün sahələrdə xalıqmıza təzyiqlər edir. Bu da milli oyanışı daha da sürətləndirir. İqtisadi vəziyyətin pis olması isə xalqı daha da qəzəbləndirib. Necə deyərlər, bıçaq sümüyə dirənib. Bu gün Güney Azərbaycanda milli və sosial tələblər birləşib ki, bu da xalqımızın mübarizəsini daha da gücləndirib. Etiraz aksiyaları artıb. Əmək haqqı, yaxud təqaüd almayan, övladına çörək ala bilməyən insanlar meydanlara çıxıb prezident Rəisinin ünvanına təhqirlər belə yağdırırlar. Bu isə artıq İranda rejimin iflasıdır”.

Xalq rejimə meydan oxuyur

Qeyd edilib ki, bütün proseslər sonucda millətimizin mübarizəsini daha da mətinləşdirir və ümumi nəticəyə daha da yaxınlaşdırır: “Xalq rejimə meydan oxuyur. Bir sözlə, Güney Azərbaycanda milli oyanışın yeni mərhələsi başlayıb. Bu mərhələdə isə xaricdə yaşayan Güney Azərbaycanlıların üzərinə daha böyük məsuliyyət düşür. Biz xalqımızın gerşəklərini dünya birliyinə daha geniş şəkildə çatdırmalıyıq. Eyni zamanda Türkiyəmiz, Azərbaycan Respublikası bu məsələdə bizə dəstək olmalıdır”.

Mission News Theme by Compete Themes.