Son yeniləmə: 8 İyul 2022 08:19
Bayraqdar.info – İyulun 7-də Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.
XİN-dən bayraqdar.info-ya verilən məlumata görə diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş gənclərin iştirakı ilə keçirilən diplomatiya həftəsi cari ilin 07-16 iyul tarixlərində baş tutacaq: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində həyata keçirilən layihə zamanı iştirakçıların post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılması nəzərdə tutulur”.
Diplomatiya həftəsi çərçivəsində XİN, habelə digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, millət vəkilləri, müstəqil ekspertlərlə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərin təşkili nəzərdə tutulmuşdur.
Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.
Məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək bu ilki Diplomatiya Həftəsinin iştirakçıların Azərbaycanın bölgədə sülh, quruculuq, inkişaf və tərəqqi gündəliyi barədə geniş məlumat əldə etməsi üçün yaxşı fürsət yaradacağını bildirib: “Diplomatiya Könüllülərinin Xarici İşlər Nazirliyinin fəaliyyətinə böyük töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, bu yaxınlarda Dövlət İmtahan Mərkəzi xətti ilə keçirilən XİN-ə işə qəbul imtahanının 2 mərhələsini uğurla keçən namizədlər arasında 8 diplomatiya könüllüsünün olduğunu məmnunluqla qeyd edib”.
Çıxışında nazir C.Bayramov, post-münaqişə mərhəəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması, üçtərəfli bəyanatların icrasının təmin edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb: “Gənclərimizin münaqişədən sonra bölgədə yaranmış yeni reallıqlar barədə məlumatlandırmasının vacibliyini qeyd edən nazir, bu imkanların gələcəkdə bir reallığa çevrilməsi işində Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Sonra Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb”.
İştirakçıları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev, öz diplomatik fəaliyyətindən, təcrübəsindən çıxış edərək bu sahə üzrə öz tövsiyələrini gənclərlə bölüşüb.
Diplomatiya Həftəsinin ilk günündə növbəti görüş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində səfir Cahit Bağçı ilə baş tutmuşdur: “Post-münaqişə dövründə Türkiyə və Azərbaycan münasibətləri, bölgədə yaranmış yeni reallıqlardan danışan səfir Cahit Bağçı, Türkiyə və Azərbaycan arasında mövcud qardaşlığın, müttəfiqliyin bariz nümunəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb və bu sənədin gənclər tərəfindən dərindən öyrənilməsini tövsiyə edib. Sonda, səfir Cahit Bağçı iştirakçıları maraqlandıran sualları cavablandırıb”.