Press "Enter" to skip to content

Azərbaycan Quzey Makedoniyadakı türklər üçün qardaş ölkədir

Elvin Hasan

Son yeniləmə: 8 İyul 2022 09:42

Elvin Hasan: Türk toplumunun təmsilçiləri olaraq vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq

Bayraqdar.info – Ötən həftə Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirildi. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Quzey Makedoniya, Rumıniya və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, bu birlik 2006-cı ildə “Türk Eğitim-Sen”, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Quzey Makedoniya, KKTC, Ruminiya və Kosovoda fəaliyyət göstərən türk təşkilatları da qoşulub.

Quzey Makedoniya: Azərbaycanın zəfəri Balkanlarda da təqdir olunur

Tədbir çərçivəsində Azərbaycana gələn Quzey Makedoniyanın sabiq naziri, hazırda informasya və idaəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyasının Mərkəzi Yönetim Kurulunun üzvü olan Elvin Hasanla görüşüb, ondan bayraqdar.info üçün müsahibə aldıq.

Türkcə təhsil sahəsində ənənəmiz var

-Elvin bəy, Azərbaycana xoş gəlmisiniz. Öncə bu tədbirin əhəmiyyəti barədə fikrinizi bilmək maraqlı olardı…

-Çox sağ olun. Qeyd edim ki, mən bu tədbirdə Üfüq Dərnəyinin sədri kimi iştirak edirdim. Biz də UAESEB-nin üzvüyük. Bu birliyin yaradılması türk ölkələrinin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları, eləcə də türk xalqlarının yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib. Quzey Makedoniyada türkcə təhsil verildiyi üçün daim bu məsələni gündəmdə saxlayırıq. Bizim türkcə təhsil sahəsində ənənəmiz var. Bu Birliyin çətiri altında türk dünyasının təhsil sahəsindəki problemlərini dilə gətirərək hər il bir ölkədə toplantı keçiririk. Bu il də toplantı Azərbaycanda keçirildiyi üçün buradayıq.

-Təhsildən söz düşmüşkən, Azərbaycanla Quzey Makedoniya arasında ali təhsil sahəsində əlaqələr necədir?

-İki ölkə arasında ali təhsil sahəsində geniş əlaqələr yoxdur. Yəni nə Quzey Makedoniyadan Azərbaycana, nə də Azərbaycandan Quzey Makedoniyaya ali təhsil almaq üçün gənclər getmir. Amma ümid edirik ki, qloballaşan dünya fonunda yaxın gələcəkdə bu sahədə sıx əlaqələr qurulacaq. Əslində, buna ehtiyac da var. Biz də gənclərimizi bu məsələdə həvəsləndirməyə çalışacağıq. Sonucda Azərbaycan Quzey Makedoniyadakı türk toplumu üçün qardaş ölkədir.

Bu tipli tədbirlər aramızdakı bağları daha da gücləndirəcək

-Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının timsalında türk dünyasının inteqrasiyası daha da intensivləşib. Bu proseslər Balkanlardakı türk toplumuna necə təsir edir?

-Balkanlarda Kosova və Quzey Makedoniyada olmaq üzrə türkcə təhsil var. Digər ölkələrdə, məsələn Bolqarıstan, Rumıniya və Yunanıstanda da türk toplumu yaşamaqdadır. TDT daxilində birliyin məqsədi ilk növbədə dünyanın harasında yaşamasından asılı olmayaraq türklərin bir-birindən xəbər tutub problemlərini bilməsi, bir-birinə dəstək olmasıdır. Həmçinin ictimaiyyəti bununla bağlı məlumatlandırmaqdır. Sizin də vasitənizlə biz bu gün burada danışmaq, Balkanlardakı türklərlə bağlı məlumat çatdırmaq fürsəti əldə etmişik. İnanırıq ki, bu tipli tədbirlər aramızdakı bağları daha da gücləndirəcək.

-Quzey Makedoniyada hazırda türklər ümumi əhali sayının neçə faizini təşkil edir?

-Son siyahıyaalmaya görə Quzey Makedoniyanın əhalisinin ümumi sayı 1 milyon 900 min nəfərə yaxındır. Türklərin sayı isə xaricdəki bir qisim də daxil olmaqla 80 min nəfərə yaxındır. Yəni ümumi əhalinin 4 faizi qədər. Ölkədə dağınıq yerlərdə yaşamaqdayıq.

Elvin Hasan və Nadir Azəri
Elvin Hasan və Nadir Azəri

Keçmişdə Osmanlının çəkilməsi ilə Makedoniyadan Türkiyəyə böyük bir köç gəldi. Əslində Türkiyəyə köçənlərin sayı Makedoniyadakı türklərin sayından qat-qat çoxdur. Lakin istənilən halda Quzey Makedoniyadakı türk toplumunun varlığını qorumaq və inkişaf etdirməliyik. Biz orada türk toplumunun təmsilçiləri olaraq vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

-Dediniz ki, Quzey Makedoniya əhalisinin 4 faizini türk tolumu təşkil edir. Bəs türk partiyaları bu 4 faizin hamısının dəstəyini ala bilirmi?

-Türklərin böyük çoxluğu türk partiyalarına səs verirlər. Ancaq bir kəsim var ki, onlar da makedon partiyalarına, bəziləri isə alban partiyalarına səs verirlər.

Türk xalqının maraqlarını qorumaq üçün daim öndə olduq

-Türk Hərəkat Partiyası həm də hökumət ortağıdır. Ümumiyyətlə, partiyanın mövcud durumu necədir?

-Türk Hərəkat Partiyası gənc kadrları ilə tanınan bir partiyadır. İstər genel başqanımız, istərsə də İdarə Heyətinin üzvləri gənc və enerjilidirlər. Bu gün Türk Hərəkat Partiyasının genel başqanı Enes İbrahim bəy parlament üzvüdür. Başqa bir türk partiyası da bir millət vəkili ilə təmsil olunur. Kabinetdə nazir müavinimiz var. Cabir Doko Quzey Makedoniyanın siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavinidir. Bundan başqa müxtəlif vəzifələrdə olan, həmçinin bələdiyyələrdə məclis üzvü olan partiyadaşlarımız var. Onu da deyim ki, Quzey Makedoniyanın bundan öncəki iqtidarı dönəmində, bizə qarşı basqıların olduğu vaxtda belə səsimizi ucaltdıq. Türk xalqının maraqlarını qorumaq üçün daim öndə olduq və bu gün də eyni mövqedəyik. Keçmiş iqtidarın türk toplumuna təzyiqlərinə etiraz olaraq aksiyalar keçirdik. Bu gün iqtidardayıq. Siyasi olaraq vəzifə də aldıq. Şəxsən mən bundan öncəki kabinetdə dövlət naziri oldum. Hazırda isə müşavirəm. Türk toplumunu daha yüksək səviyyədə təmsil etmək, türk toplumunun hüquq və vəzifələrinin layiqincə yerinə yetirilməsinə dəstək olmaq üçün işimizi lazımi şəkildə qurmuşuq. Təmsil olunduğumuz hökumət bu məsələdə, həmçinin iqtisadi məsələlərdə uğurlu addımlar atıb. Minimum maaş 5 il ərzində 150 avrodan 300 avroya qalxıb. Yaxın vaxtlarda daha da artacaq. Düzdür, Ukraynada baş verənlər qlobal düzəndə probemlər yaradıb. Bu müahribənin tezliklə başa çatacağına ümid edirik. Bir anlıq gərginliklər, probelmlər sona yetsin və Quzey Makedoniya Avropa Birliyinə inteqrasiyaya davam edə bilsin.

-Avropa Birliyinə üzvlüklə bağlı ortaya çıxan problemin, Bolqarıstanla Quzey Makedoniya arasındakı fikir ayrılığının tezliklə aradan qaldırılacağına inanırsınızmı?

-Əlbəttə. Hesab edirəm ki, tezliklə bu problem aradan qalxacaq. Bizim partiya olaraq da mövqeyimiz bu istiqamətdədir ki, Quzey Makedoniya tez bir zamanda Avropa Birliyinin üzvü olmalıdır. Ümumiyyətlə, Quzey Makedoniyanın xarici siyasətə iki önəmli hədəfi var. Biri NATO-ya üzvlükdür ki, buna nail olmuşuq. Digəri də AB üzvlüyüdür ki, inşallah, buna da nail olacağıq. İnanırıq ki, AB-yə inteqrasiya Quzey Makedoniyanın digər vətəndaşları kimi türklərə də bir çox qazanım gətirəcək.

Rusiyanın onun yanında olmayanlara qarşı mövqeyi bəllidir

-Rusiya-Ukrayna müharibəsində Quzey Makedoniya haqqın yanında olub. Bu da Rusiyanı qəzəbləndirib. Bolqarıstan siyasətinə Rusiyanın təsir etdiyi də sirr deyil. Güman etmək olarmı ki, sizin AB-yə üvlüyünüzə yaradılan problem həm də Rusiyadan qaynaqlanır?

-Təbii ki, Rusiyanın bu müharibədə onun yanında olmayanlara qarşı mövqeyi bəllidir. Amma Bolqarıstanla aramızdakı problemin də tezliklə aradan qalxacağına inanıram. O ki, qaldı müharibəyə, 21-ci əsrdə Ukraynada yaşananları heç kim düzgün saya bilməz. Ölkəmiz haqlı beynəlxalq birliyin durduğu tərəfdə durub. Müharibə, Rusiyanın hücumu qətiyyətlə qəbul edilə bilməz. Əsrimizdə ölkələr masa arxasında oturararq problemlərini həll etməlidirlər. Hər bir ölkə, o cümlədən Ukrayna da müstəqil olaraq öz yolunu müəyyən etməlidir. Yəni Ukrayna hansı beynəlxalq quruma üzv olmaq istəyirsə buna görə ona təzyiq etmək, hücum etmək qəbuledilməzdir.

-Bizə vaxt ayırdığınız və maraqlı müsahibə üçün çox sağ olun.

-Mən də öz növbəmdə bayraqdar.info-ya minnətdarlıq edirəm ki, bizim fikirlərimizi Azərbaycan ictimaiyyətinə çatdırmaqda yardımçı olursunuz. Türk dünyasına xidmətdə sizə uğurlar arzulayıram. Eyni zamanda bayraqdar.info vasitəsilə bütün türk dünyasına salamlayıram. Bizim dilimiz də, mədəniyyətimiz də birdir. Eyni soydan gəlmişik. Fərqli dini inanclara da sayğımız vardır. Bunu da böyüklərimizdən öyrəndik. Bundan sonra da bir olacağıq, iri və diri olacağıq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.