Press "Enter" to skip to content

Növbəti özəlləşdirmə hərracları keçiriləcək

Son yeniləmə: 7 İyul 2022 02:20

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb: “Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə müəssisələr paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır”.

Məlumata əsasən, paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır: “Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən bu obyektin ümumi faydalı sahəsi 1 664 kvadratmetrdir. Hərracda iştirak etmək üçün 40 min manat beh məbləği ödənilməlidir”.

Şəkidə yerləşən hamam xidmət sahəsi üçün əlverişlidir: “Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamam ilkin start qiyməti ilə 17 500 manata təklif olunur. Bu əmlakı almaq üçün isə öncədən 1 750 manat beh məbləği ödənilməlidir. Obyektin ümumi faydalı sahəsi 151 kvadratmetr, torpaq sahəsi isə 213 kvadratmetrdir”.

Bildirilib ki, özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2013-cü illəri əhatə edir: “İyulun 21-də təkrar keçiriləcək hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir”.

Mission News Theme by Compete Themes.