Son yeniləmə: 7 İyul 2022 01:49
Bayraqdar.info – Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən iyulun 7-də U-17, növbəti gün isə U-20 yaş qrupunda qitə birinciliyinin medalçıları müəyyənləşəcək: “Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) ölkəmizi təmsil edəcəklər”.
Proqrama əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da başlayacaq. Pley-off və medallar uğrunda mübarizəyə isə 17:00-da start veriləcək: “Həftəsonu isə böyüklər arasında dünya seriyasının dördüncü mərhələsi baş tutacaq. İyulun 9-10-da keçiriləcək turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcəklər. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq”