Son yeniləmə: 6 İyul 2022 12:44
Güney Azərbaycanlı milli-mədəni fəallar Urmu gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıblar
Bayraqdar.info – Fars-molla rejiminin basqılarından əziyyət çəkən Güney Azərbaycanlı milli fəallar Urmu şəhərinin bütün bölgələrində minlərlə plakat yaymaqla bir daha Urmu gölünün acınacaqlı və böhranlı vəziyyətinə diqqət çəkmək istəyiblər. Bundan öncə isə Qərbi Azərbaycan bölgəsində güneyli fəallar bəyanat yayaraq gölün böhranlı vəziyyəti ilə bağlı İran rejiminə xəbərdarlıq etmişdilər.
Bəyanatda yazılıb: “Biz Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər İran hökuməti Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdıracağıq”.
Xatyırladaq ki, son günlərdə Urmu gölünün böhranlı vəziyyətdə olmasına dair yayılan foto və video görüntülər azərbaycanlıları ciddi narahat edib.
Ekspertlərin bildirdiyinə görə, artıq göl son nəfəslərini çəkir və əgər ciddi və düzgün tədbirlər görülməsə, tamamilə xəritədən silinəcək.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.