Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının sülhməramlı qüvvələri

Alp Arslan İmamqulu

Son yeniləmə: 6 İyul 2022 17:27

Alp Arslan İmamqulu: Hesab edirəm ki, TDT NATO kimi bir hərbi birlik yarada bilər

Bayraqdar.info – “Bəlli olduğu kimi, Qazaxıstanda baş verən proseslərdən dərhal sonra Rusiya KTMT sülməramlı qüvvələri adı altında öz qoşunlarını bu ölkəyə yeritdi. Düzdür, sonradan Türkiyənin də təzyiqi ilə Rusiya qoşunlarını çıxardı. Amma bununla belə biz həmin hadisələr zamanı Türk Dövlətləri Təşkilatının (TDT) məsələyə reaksiya verməkdə bir qədər gecikdiyinin şahidi olduq”.

Bunu bayraqdar.info-ya açıqlamasında M5 Müdafiə və Strategiya jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi analitik Alp Arslan İmamqulu deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Özbəkistanda baş verənlərə isə TDT çevik reaksiya verdi: “Mən düşünürəm ki, burada Türkiyə və Azərbaycanın sərgilədiyi mövqe mühüm rol oynadı. Son nəticədə Özbəkistanda indiki halda vəziyyət nəzarətdədir. Amma bu, arxayınlaşmağa əsas vermir. Türk dünyasının inteqrasiyasından narahat olan bəlli güclər yenə də müxtəlif yollara baş vura bilərlər”.

Müsahibimiz qeyd edib ki, xüsusilə Rusiya “beşinci kolon” vasitəsilə türk dövlətlərinin daxilində süni problemlər yarada bilər: “Buna hazırlıqlı olmaq və hansısa xoşagəlməz hadisələrin qarşısını almaq üçün atılmalı olan addımlardan biri də TDT daxilində hərbi birləşmənin yaradılması ola bilər. Hesab edirəm ki, TDT NATO kimi bir hərbi birlik yarada bilər. Bu birlik isə daha çox sülhməramlı missiya və özünümüdafiə təmayüllü ola bilər”.

Alp Arslan İmamqulunun qənaətinə görə, əslində, bunun üçün baza da mövcuddur: “Əvvəla, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi və digər sənədlərdən önə çıxan hərbi əməkdaşlıq türk dünyası üçün nümunə ola bilər. Eyni zamanda, biz bilirik ki, Türkiyə ilə Özbəkistan, Özbəkistanla Azərbaycan arasında imzalanan sənədlərin, həmçinin Özbəkistanla Qazaxıstan arasında ittifaq dövlətinin yaradılması haqqında razılaşmanın mərkəzində dayanan əsas məqamlardan biri də məhz hərbi əməkdaşlıqdır. Digər tərəfdən, bir müddət əvvəl Türkiyə, Pakistan və Azərbaycan silahlı qüvvələrinin birgə iştirakı ilə keçirilən “Üç qardaş” təlimi də gələcək müştərək hərbi kontingentin yaradılması üçün örnək ola bilər”.

Mission News Theme by Compete Themes.