Son yeniləmə: 6 İyul 2022 11:41
Bayraqdar.info – İki qardaş ölkə arasında həssas əhali qruplarından olan şəxslərə sosial xidmətlərin təşkili üzrə qarşılıqlı təcrübə mübadiləsi əhəmiyyətlidir.
Bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık arasında videokonfrans formatında görüşündə bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya iyulun 6-da verilən məlumata görə S.Babayev Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığın daim inkişaf etdiyini, bu istiqamətdə iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb: “44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını qeyd edib. Nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə məlumat verib”.
S.Babayev ötən dövrdə iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi sosial xidmətlər sahəsində də formalaşan uğurlu əməkdaşlıqdan bəhs edib: “Əlilliyi olan şəxslərin və ahılların, uşaq və qadınların, müharibə iştirakçıları və şəhid ailələrinin sosial rifahının təmin olunması istiqamətində əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb”.
Qeyd olunub ki, D.Yanık öz növbəsində iki qardaş ölkə arasında əlaqələrin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib: “O, Türkiyənin sosial islahatlar sahəsində təcrübəsindən, əldə olunan uğurlardan bəhs edib. Valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, ailələrə sosial dəstək tədbirlərinin həyata keçirilməsi, ailə əsaslı alternativ qayğı formalarının inkişaf etdirilməsi və bu sahədə aparılan digər islahatlarla bağlı əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb”.
Görüşdə Azərbaycan Türkiyə arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.