Son yeniləmə: 6 İyul 2022 15:34
Bayraqdar.info – Azərbaycanda taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2 milyon 163 min 875 ton məhsul yığılıb.
Bu barədə bayraqdar.info-ya iyulun 6-da Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Qeyd edilib ki, arpa sahələrinin 88 faizində biçin tam yekunlaşıb, hazırda əsas biçin buğda sahələrində aparılır: “Taxıl biçini prosesində 1538 kombayn iştirak edir. Onlardan 645-i “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 893 kombayn cəlb edilib”.
Məlumata əsasən bugünədək “Aqroservis” ASC-nin kombaynları ilə 277 min 617 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar ilə isə 426 min 593 hektar sahə biçilib.