Press "Enter" to skip to content

Kreml öz xəbərində Qarabağ sözü işlətmir

Moskva, Kreml

Bayraqdar.info – Ermənistan tərəfi, özəlliklə də Sputnik Armenia yenə də öz bildiyi kimi xəbər yayaraq ictimai rəyi çaşdırmağa çalışır. Bu dəfə – iyulun 7-də özünün kirli təbliğat xəbərləri ilə diqqət çəkən Sputnik Armenia xəbər yayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Xəbər doğrudur. Lakin diqqət çəkən başqa bir məqam var: Kremlin bununla bağlı yaydığı xəbərdə Qarabağın ümumiyyətlə adı keçmir. Lakin Sputnik Armenia şakərinə sadiq qalaraq yenə də tərəflərin “Dağlıq Qarabağ”ı müzakirə etdiyini yazır…

Beləliklə, Kremlin iyulun 7-də yaydığı qısa xəbərin tam mətnini tərcümədə təqdim edirik.

“Erməni tərəfinin təşəbbüsüylə V.Putin və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında telefon danışığı olub.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının gerçəkləşdirilməsinin praktik aspektlərinin müzakirəsi davam etdirilib. Özəlliklə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Güney Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
“N.Paşinyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına yönəlik son vaxtlar baş tutmuş əlaqələr haqqında məlumat verib.”

Göründüyü kimi, Kremlin xəbərində Qarabağın nəinki adı keçmir, heç buna işarə də edilmir. Belə olan şəraitdə Rusiyaya məxsus Sputnik Armenia niyə Kremlin dili ilə deyil, Yerevanın ağzı ilə danışır? Və bu, Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi haqqında Sazişin imzalanmasından sonra da davam edir…

Yeri gəlmişkən, Sputnik Armenia hələ də Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarını ermənilərin qondarma adlarıyla təqdim edir. Son günlər Laçın dəhlizi və Laçın şəhəri ətrafında baş verənlərlə bağlı bütün xəbərlərində Sputnik Armenia buranı “Berdzor” kimi təqdim edir. Yəqin ki, Azərbaycanın müvafiq dövlət qurumları Rusiyaya bununla bağlı narahatlığını çatdırmalı olacaq…

Mission News Theme by Compete Themes.