Press "Enter" to skip to content

III ixtisas qrupu üzrə qəbul imtahanı

Son yeniləmə: 6 İyul 2022 08:49

Bayraqdar.info – İyulun 6-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq: “İmtahan saat 10:00-da başlanacaq. Onun başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar binaya buraxılmayacaqlar. Kütləviliyin qarşısının alınması məqsədilə iştirakçılar üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır”.

Qeyd edilib ki, abituriyentlər imtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər: “İmtahan keçirilən şəhər və rayonlarda 70 bina, 1 min 242 zal ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 rəhbər, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.İmtahanda 16 min 620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15 min 159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3 min 950 nəfəri oğlan, 12 min 670 nəfəri isə qızdır. 14 min 784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. Onlardan 32 nəfəri ali təhsil müəssisələrinin, 224 nəfəri isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Əlli bir abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir”.

O da vurğulanıb ki, imtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək: “Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün binalarda ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb”.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 21 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Mission News Theme by Compete Themes.