Press "Enter" to skip to content

Vətən üçün doğulmuşlar haqqında kitab

Milli Kitabxananın direktoru Kərim Tahirov təqdimat mərasimində çıxış edərkən

Son yeniləmə: 6 İyul 2022 01:35

Milli Kitabxanada Əməkdar jurnalist Əminə Yusifqızının “Biz vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirildi

Bayraqdar.info – “44 günlük Vətən müharibəsi də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı”.

Bunu Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi.

Azərbaycan əsgərlərinin şücaəti heç vaxt unudulmayacaq

Qeyd edək ki, iyulun 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar jurnalist Əminə Yusifqızının “Biz vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirildi. Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə açılış nitqi ilə çıxış edən K.Tahirov bildirdi ki, 44 günlük müharibə zamanı mübariz Azərbaycan əsgərlərinin qısa zaman kəsiyində göstərdiyi şücaət heç vaxt unudulmayacaq: “Bu gün biz bütün dünya azərbaycanlılarının çoxdan gözlədiyi arzusunu 44 gündə yerinə yetirən, bu amal uğrunda öz həyatlarını fəda etmiş qəhrəmanların döyüş yolundan bəhs edən bir kitabın təqdimatına yığışmışıq.

Bu elə bir tarixdir ki, heç vaxt unudulmayacaq. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bizə doğma Şuşamızı, Qarabağımızı geri qaytardı. Azərbaycan xalqı ölümün gözünə dik baxan həmin şəhidləri, onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlər daim xalqımızın qəlbində yaşayacaq”.

Söz adamlarının vəzifəsi bu xatirələri yaşatmaqdır

Sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabda İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş 65 yevlaxlı döyüşçü haqqında oçerkin yer aldığını dedi: “Nəşrin işıq üzü görməsi yevlaxlı qəhrəmanların şəhadətə qovuşmasının bir ilinə təsadüf etdiyindən, müəllif hər oçerkin sonunda “Şəhidsiz keçən bir il” rubrikası əlavə edib”.

Əflatun Amaşov və Cahangir Məmmədli
Əflatun Amaşov və Cahangir Məmmədli

Ə.Amaşov bildirdi ki, məqalələri oxuduqda bunun peşəkarlıqla yazıldığını görürük: “Söz adamlarının, yazıçı və şairlərin ən əsas vəzifəsi öz qanları ilə torpağı Vətənə çevirən qəhrəmanları, şəhidlərlə bağlı xatirələri əbədiləşdirərək onları gələcək nəsillərə ötürməkdir. Əminə xanımın peşəkarlıqla yazdığı sətirlər bir çox insanların qəlbini titrədəcək və şəhid anaların keçirdiyi hissləri anladacaq”.

Bu, eyni zamanda şəhid ailələrinə bir təskinlikdir

Kitabın redaktoru Məhəbbət Mehdiyeva isə bildirdi ki, bu, Əminə xanımın şəhidlər haqqında yazdığı ikinci kitabıdır: “Şəhidlərə, onların ailələrinə olan hörmət hissi onu bir daha bu mövzuya toxunmağa vadar edib. O, hər oçerki bir epiqrafla müşayiət edib, hər bir şəhidin hekayəsinə bir başlıq verib. Bu kitabı oxuyan biganə qala bilməz. Bu, eyni zamanda şəhid ailələrinə bir təskinlikdir”.

Təqdimat mərasimində çıxış edən İkinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova öncə bu kitabın yazılmasına görə müəllifə təşəkkür etdi.

Təqdimat mərasimi maraqlı çıxışlarla yadda qaldı
Təqdimat mərasimi maraqlı çıxışlarla yadda qaldı

O, daha sonra bildirdi ki, yazılan əsərlər, bəstələnən musiqilər şəhid analarının yarasını sağaltmasa da onlara bir təskinlik verir. Ancaq Vətən uğrunda ölən qəhrəmanlar heç zaman unudulmur.

Biz qəhrəman xalqın nümayəndəsiyik

Daha sonra BDU-nun kafedra müdiri, Prof. Dr. Cahangir Məmmədli çıxış edərək bildirdi ki, şəhid mövzusu bir an belə unudulmur: “Bu barədə mütəmadi olaraq qəzetlərdə məqalələr çap olunur. Lakin şəhidlər haqqında belə bir kitabın çap olunması böyük bir təşəbbüsdür”.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirdi ki, biz Vətən uğrunda heç düşünmədən canından keçməyi gözə alan qəhrəman xalqın nümayəndəsiyik. “Bunu həm I Qarabağ müharibəsi, həm aprel döyüşləri, həm də II Qarabağ müharibəsi zamanı bir daha gördük”, – deyə o, əlavə etdi.

Müəllif kitabını imzalayarkən
Müəllif kitabını imzalayarkən

Mərasimdə həmçinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, BDU-nun professoru, Yevlaxın fəxri vətəndaşı Adilə Abbasova, Yevlax şəhər İcra Hakimiyyəti Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşdülər.

İkinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova
İkinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova

Sonra müharibə veteranı Zaur Bayramoğlu, şəhid Veyis İsmayılovun anası Zeynəb İsmayılova, şəhid Toğrul Barxudarovun həyat yoldaşı, Azərbaycan Respubliksaı Müdafiə Nazirliyinin əməkdaşı Zəhra Barxudarova, şəhid Faiq Adıgözəlovun bibisi Zöhrə Adıgözəlova və digərləri çıxış edərək şahid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə, eləcə də onlara mənəvi dəstək olduqlarına görə hər kəsə təşəkkürünü bildirdilər.

Əminə Yusifqızı: Qürurlu, güclü, başı dik şəhid anaları, xanımları, bacıları mənə bu kitabı yazmağa güc verib

Tədbirin sonunda kitabın müəllifi, Əməkdar jurnalist Əminə Yusifqızı çıxış edərək bu kitabı göz yaşları ilə yazdığını, kitabı ərsəyə gətirənədək hər şəhid ailəsinə dəfələrlə baş çəkdiyini, onların acılarını, duyğu və həyəcanlarını yaşayaraq yazdığını qeyd etdi.

Əminə Yusifqızı bu kitabı göz yaşları ilə yazdığını qeyd etdi
Əminə Yusifqızı bu kitabı göz yaşları ilə yazdığını qeyd etdi

O, həmçinin bildirdi ki, “qürurlu, güclü, başı dik şəhid anaları, xanımları, bacıları mənə bu kitabı yazmağa güc verib”.

Müəllif tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirdi.

Qeyd edək ki, kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, məsləhətçi filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədlidir.

Əminə Yusifqızı və Nadir Azəri
Əminə Yusifqızı və Nadir Azəri
Mission News Theme by Compete Themes.