Son yeniləmə: 5 İyul 2022 08:43
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işləri davam etdirilir. Məqsəd torpaqların münbitliyinin öyrənilməsi, dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsidir.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas prioritetlərdəndir: “2022-ci ilin aprel ayından indiyədək yay və qış otlaqlarında (örüş-otlaq sahələrində) Beyləqan rayonu üzrə 32 min 208 hektar, Bərdə rayonu üzrə 5 min 233 hektar, Şəmkir rayonu üzrə 19 min 56 hektar, Ucar rayonu üzrə 5 min 67 hektar, Samux rayonu üzrə 26 min 770 hektar ərazidə çöl torpaq tədqiqatı işləri yerinə yetirilib. Bu il ərzində daha 4 rayonun ərazisindəki dövlət torpaqlarında çöl torpaq tədqiqatı işlərinin aparılması planlaşdırılır”.
Qeyd edilib ki, işğaldan azad olmuş Zəngilan rayonunda 01.07.2022-ci il tarixinədək 37 min 623 hektar ərazidə torpaqların təyinatı üzrə uçot işləri, 37 min 104 hektar sahədə torpaq tədqiqatı, 27 460 hektar sahədə geobotaniki tədqiqat işləri aparılıb. Bununla yanaşı, 3 577 hektar ərazidən isə aqrokimyəvi analizlər aparmaq məqsədilə torpaq nümunələri götürülüb.